“Baş nazir təkhakimiyyətliliyi itirir, özünü Xilaskar İsus olaraq təsəvvür edir”.
“Report” xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti, 2008-ci il martın 1-də baş verən etiraz aksiyalarının yatırılması ilə bağlı barəsində cinayət işi açılaraq həbs olunan Robert Koçaryan bildirib.
Jurnalistin “2020-ci illə bağlı hansı proqnozu verə bilərsiniz? Ermənistanı gələn il üçün hansı ssenari gözləyir” sualına cavabında deyib: “Deputat mandatlarının sayından asılı olmayaraq, hakimiyyətin bir nəfərin əlində uzun müddətə qalması mümkün deyil. Ölkəni idarə edə bilməməsi, fəaliyyətində sistemsizlik, hakimiyyətin legitimsizləşməsini artırıb. Baş nazirin fanatik tərəfdarı praktiki olaraq qalmayıb. İqtisadi və sosial siyasət sahələrində aydın istiqamətin olmaması səbəbindən ictimaiyyət tərəfindən də dəstək qazanmır. İki ziddiyyətli müxtəlifyönlü prosesin getdiyi göz önündədir. Baş nazir bir tərəfdən təkhakimiyyətliliyini itirir, digər tərəfdən isə özünü Xilaskar İsus olaraq təsəvvür edir. Bu da onun nüfuzunun azalmasını sürətləndirir. Bütün olanlar isə növbədənkənar seçkilərlə nəticələnəcəyini deməyə əsas verir”.