​Ketevan Saşiaşvili: “Dünya birliyi erməni vandalizminə qarşı birgə mübarizə aparmalıdır”

​Ketevan Saşiaşvili: “Dünya birliyi erməni vandalizminə qarşı birgə mübarizə aparmalıdır” Qafqaz Beynəlxalq Universitetinin professoru, tarixçi alim Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bildirib
Region
17 İyun , 2016 19:02
​Ketevan Saşiaşvili: “Dünya birliyi erməni vandalizminə qarşı birgə mübarizə aparmalıdır”

Tbilisi. 17 iyun. REPORT. AZ/ Tbilisidəki Qafqaz Beynəlxalq Universitetində Azərbaycanın və Gürcüstanın işğal olunmuş ərazilərindəki tarixi abidələrin vəziyyəti müzakirə olunub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, iyunun 17-də universitetdə “Azərbaycanda və Gürcüstanda tarixi abidələrin mövcud vəziyyəti” adlı beynəlxalq tədbir keçirilib.

Tədbirdə Azərbaycanın və Gürcüstanın müvafiq strukturlarının rəhbərləri, beynəlxalq ekspertlər, universitetin professor, müəllim və tələbələrinin iştirak ediblər.

Gürcüstan-Azərbaycan Milli Konqresinin sədri Əli Babayev bildirib ki, tədbir Konqresin və “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir. Əsas məqsəd gürcü alimlərlə birlikdə işğal altındakı tarixi abidələrimiz və ermənilərin törətdikləri vandalizm və digər cinayətlər barədə gürcü və dünya ictimaiyyətinə ətraflı məlumat verməkdir.

Qafqaz Beynəlxalq Universitetinin professoru, tarixçi alim Ketevan Şaşiaşvili çıxışında Dağlıq Qarabağ münaqişəsinin baş vermə səbəbləri barədə ətraflı məlumat verib. O bildirib ki, SSRİ dağıldıqdan sonra imperialist qüvvələr bizim dövlət müstəqilliyimizin bərpasına yol verməmək üçün müxtəlif planlar hazırlayıblar: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı da bu planın tərkib hissəsi idi. Dağlıq Qarabağ və ona bitişik digər rayonlar SSRİ dövründə və ondan əvvəlki dövrlərdə də Azərbaycana məxsus olub. Gürcüstanın da ərazilərinin işğalı eyni ssenari əsasında həyata keçirilib. Bütün bunların bir məqsədi olub, iki dost və qardaş ölkə olan Azərbaycanın və Gürcüstanın müstəqil dövlət kimi dünya birliyində layiqli yer tutmalarına mane olmaq, inkişafdan saxlamaq. Müəyyən mənada buna nail olunsa da hər iki dövlət bu gün müstəqil siyasət yürüdür, möhkəmlənir və inkişaf edir."

Dünya birliyini erməni vandalizminə qarşı mübarizəyə səsləyən professor deyib ki, Gürcüstan hökuməti bununla bağlı xüsusi layihə hazırlayıb.

K.Şaşiaşvili jurnalistlərə müsahibəsində söyləyib: “Bu gün Azərbaycanın və Gürcüstanın işğal olunmuş ərazilərində minlərlə tarixi abidə var. Ermənilər bu abidələri dağıdır, talan edirlər. İslam mədəniyyətinə aid olan abidələr dağıdılır, xristian mədəniyyətinə aid olan abidələrin adları dəyişdirilir. Bu abidələrin bəziləri UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Buna baxmayaraq, ermənilər Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdəki məbədləri, alban tarixinə aid kilsə və digər tikili abidələrin adlarını silib erməni adı ilə qeydiyyata salıblar. Biz bu cür hallara qarşı mübarizəmizi gücləndirməliyik”.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İtki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupun üzvü Faiq İsmayılov çıxışında işğal olunmuş ərazilərimizdəki vəziyyətlə bağlı ətraflı məlumat verib. Bildirib ki, ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində 6 minə yaxın daşınmaz tarixi abidə, 34 minə yaxın bədii irs nümunəsi qalıb. Ermənilər bu abidələrin əksəriyyətini dağıdıb, talan ediblər. Ermənistana aparılan abidələrin çoxu xaricə satılıb. İşğal altından olan kitabxanalarda saxlanılan 5 milyona yaxın kitabın da harada saxlanıldığı məlum deyil.

F.İsmayılovun çıxışı zamanı, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanmış video-çarx nümayiş etdirilib. Video materiallarda ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vandalizm konkret faktlarla iştirakçılarının diqqətinə çatdırılıb.

F.İsmayılov jurnalistlərə deyib: “Azərbaycanın və Gürcüstanın işğal altındakı ərazilərində erməni vandalizminin qarşısını almaq üçün beynəlxalq təşkilatlar abidələrin mühafizəsinə nəzarət etməlidirlər. Çünki Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobud şəkildə pozub”.

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova, “Kommentarii” jurnalının baş redaktoru Vladimir Svidiani və başqaları mövzunun aktuallığını qeyd edib, dünya ictimaiyyətinin bu məsələyə diqqətinin artırılmasının vacibliyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi