Yuxarı

Mehmet Müəzzinoğlu: "İstanbuldakı terror aktında 5 nəfər ölüb, 36 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB 2

Yaralılardan 12-si xarici ölkə vətəndaşıdır

Bakı. 19 mart. REPORT.AZ/ "İstanbulda baş vermiş terror aktında yaralananlardan 12 nəfəri xarici ölkə vətəndaşıdır". "Report" Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib. 

Onun sözlərinə görə, hadisə nəticəsində 7-si ağır olmaqla, 36 nəfər yaralanıb: "Yaralılardan 12-si xarici ölkə vətəndaşıdır. Yaralılardan 4-nün vəziyyəti ağır olduğundan, əməliyyat alınıb. Ölənlərdən 4-ü hadisə yerində, biri isə xəstəxanada həyatını itirib".

Qeyd edək ki, yaralılardan üçü İsrail vətəndaşıdır. 

*** 14:06

İstanbulun Bəyoğlu rayonunun İstiqlal prospektində baş vermiş partlayışda ölənlərin sayı 4 nəfərə çatıb. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bunu İstanbul valisi Vasip Şahin jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, hadisə nəticəsində 20 nəfər yaralanıb: "Hadisə Bəyoğlu Rayon İcra Hakimiyyətinin binası qarşısında baş verib. Partlayışda terrorçu-kamikadze ilə birlikdə 4 nəfər həyatını itirib". 

Məlumata görə, Şişli Etfal Xəstəxanasına ikisi ağır olmaqla, 10 yaralı, Haseki Xəstəxanasına isə biri ağır olmaqla, 5 yaralı gətirilib.

*** 13:36

Bu gün İstanbulun Bəyoğlu rayonunun İstiqlal prospektində partlayış baş verib. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Balo küçəsində baş verən partlayış bir müddət böyük panikaya səbəb olub. Hazırda xeyli sayda polis, təcili yardım maşınları və yanğınsöndürənlər hadisə yerindədir. Polis küçəyə giriş-çıxışları bağlayıb, partlayışın meydana gəldiyi əraziyə heç bir nəqliyyat vasitəsi buraxılmır. 

"Milliyet" qəzeti Bakı vaxtı ilə saat 13:00-da baş verən partlayışda hələlik rəsmi açıqlama verilməsə də, ilkin məlumata görə 2 nəfərin öldüyünü, Eyni zamanda biri ağır olmaqla, 5 yaralının İstanbul Haseki Xəstəxanasına aparıldığını yazıb.

"CNN Türk"ün əməkdaşı isə hadisənin kamikadze-terrorçunun hücumu səbəbindən baş verdiyini, iki nəfərin öldüyünü, ən azı 10 nəfərin yaralandığını bildirib. Hətta partlayış yerindəki cəsədlərdən birinin kamikadze-terrorçuya aid olduğu qeyd edilib.

"Qalatasaray" və "Taksim" meydanlarından bulvara girişlər də bağlanıb. Polis terrorçu və terrorçuların ərazidə ola biləcəyi istiqamətindəki bildirişin üzərinə ara küçələrdə axtarışlara başlayıb. Hazırda İstiqlal prospekti üzərində helikopter uçur. Prospektdəki bütün mağazalar qapadılıb, satıcılar ərazidən çıxarılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi