Bakı. 5 may. REPORT.AZ/ Bu gün "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) dövlətlərinin təmsilçiləri ilə İran nümayəndələri arasında İslam Respublikasının nüvə proqramı üzrə Nyu-Yorkda keçirilən danışıqlar başa çatır.
"Report xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Danışıqlarda Qərbin nümayəndə heyətinə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin təmsilçisi Helqa Şmidt, İran heyətinə isə xarici işlər nazirinin müavinləri - Abbas Əraqçı və Məcid Təxtirəvançı başçılıq edir.
Təmsilçilərdən İranın nüvə proqramı ilə bağlı yekun sənədin detallarını müzakirə edərək onu hazırlamaq istənilir.
Nazir müavinləri səviyyəsində müzakirələr bu gün başa çatsa da, mütəxəssislər danışıqları mayın 7-dək davam etdirəcək.
Helqa Şmidtlə Abbas Əraqçı və Məcid Təxtirəvançı arasında müzakirələr mayın 12-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Həmin gün müzakirələrin növbəti mərhələsi başlayacaq.