Yuxarı

İranda spirtli içki düşkünləri üçün reabilitasiya mərkəzləri açılacaq

Bu ölkədə illik 420 milyon litr spirtli içki istehlak edildiyi ehtimal edilir

Bakı. 8 avqust. REPORT.AZ/ İranda spirt istehlakı nəzərəçarpacaq dərəcədə artdığından, ölkədə spirtli içki düşkünləri üçün reabilitasiya mərkəzləri açılacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, burada alkoqolizm problemini həll etmək məqsədilə, ölkənin Səhiyyə Nazirliyi 150 fərqli nöqtədə alkoqolizmlə mübarizə mərkəzləri açmağı planlaşdırır.

İranda spirtli içki düşkünlərinin sayı Rusiyaya və Almaniya ilə müqayisədə az olsa da, ölkədə daha yüksək spirt dərəcəsinə malik içkilər istehlak edilir.

Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, İranda bir içki düşkünü ildə orta hesabla 24,8 litr təmiz spirt istehlak edir. İranda illik 420 milyon litr spirtli içki istehlak edildiyi ehtimal edilir.

Qeyd edək ki, ölkədə 1979-cu il İran İnqilabından sonra spirt istehlakı və satışı qadağan olunub, spirtli içkilərin yalnız dini azlıqlar arasında istifadəsinə icazə verilib.

Ölkədə ilk alkoqolizm ilə mübarizə-müalicə mərkəzi 2013-cü ildə yaradılıb. Lakin ora gələn insanların ictimaiyyətin qınağına tuş gələcəyi ehtimalı yüksək olduğundan, mərkəz cəmiyyətdə qəbul edilməyib.

Rəsmi rəqəmlərə görə, İranda bir ildə 80 milyon litr spirt qaçaq yollarla gətirilir və polis bunun yalnız 20 milyon litrini ələ keçirə bilir.

Bundan başqa, ölkədə çox sayda içki düşkünü spirtli içkini öz evində istehsal edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi