Yuxarı
    Bağlamaq

    İranda prezidentliyə namizədlərdən biri seçkidən digərinin xeyrinə çəkilib

    Tehran Bələdiyyəsinin sədri: “İnqilab cəbhəsini və dəyərlərini qorumaq üçün namizədliyimi Rəisinin xeyrinə geri götürürəm”

    Bakı. 15 may. REPORT.AZ/ İranda mayın 19-da keçiriləcək prezident seçkisində iştirak edən Tehran şəhər bələdiyyəsinin sədri Məhəmmədbağır Qalibaf namizədliyini İbrahim Rəisinin xeyrinə geri götürüb.

    “Report” "Anadolu"ya istinadən xəbər verir ki, o, yazdığı açıqlamada inqilab cəbhəsini və dəyərələrini qorumaq üçün namizədliyini Rəisinin xeyrinə geri götürdüyünü bildirib. 

    Bununla da seçkidə iştirak edən namizədlərin sayı 5-ə enib.

    Qeyd edək ki, İmam Rza Fondunun indiki sədri İbrahim Rəisi ayətullah Xomeyninin dövründə hakimiyyətə müxalifətdə olanları cəzalandıran komitənin azsaylı üzvlərindən biri sayılır. O, dünya ictimaiyyəti üçün yeni fiqur kimi görünür. İ.Rəisi hakimiyyətdaxili mühafizəkar xəttin ən əsas namizədidir. Sərt xətt tərəfdarı olan keçmiş komitə üzvü ABŞ-a münasibətdə deyib: “Amerikalılar İrandan qorxur. Ən düzü budur. Biz geri çəkilməməliyik. Onları geri çəkilməyə məcbur etməliyik”. 

    İ.Rəisi prezidentliyə namizəd olandan sonra bildirib ki, İsrail istisna olmaqla, bütün dövlətlərlə əlaqə saxlamağın tərəfdarıdır. Onu keçmiş fəaliyyətinə görə həm də islahatçılar və cəmiyyət üçün daha sərt namizəd olaraq göstəriblər. Başqa sözlə, islahatçıların nümayəndəsinin dəstəklənməsi üçün İ.Rəisi alternativ təzyiq vasitəsi olaraq təqdim edilə bilər. 

    Xatırladaq ki, İ.Rəisi 1960-cı il dekabrın 14-də Məşhədin Noqan rayonunda anadan olub. O, 5 yaşında ikən atasını itirib, 15 yaşı olanda isə Qumdakı dini məktəbə daxil olub. Şəhid Mütəhhəri adına Universitetində İslam hüququnun əsasları üzrə doktorluq müdafiə edib. Məhəmməd Qalibaf artıq ikinci dəfədir prezidentliyə namizəd olur. O da İ.Rəisi kimi güc strukturlarının təmsilçisidir. 1961-ci il sentyabrın 23-də Məşhəddə kürd-fars ailəsində anadan olub. İnqilab Keşikçiləri Qvardiyasının xüsusi təyinatlılar dəstəsində qulluq edib. 1999-cu ildə İranın polis rəisi olub. 2005-ci il avqustun 5-dən Tehranın meridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi