Yuxarı

İran nüvə məsələsində ABŞ-a yeni şərt irəli sürüb

Əli Əkbər Salehi: Nüvə Enerjisi Təşkilatının hesabına pul köçürülməyənədək İran istehsal etdiyi ağır suyu ABŞ-a satmayacaq

Bakı. 31 may. REPORT.AZ/ "Nüvə Enerjisi Təşkilatının hesabına pul köçürülməyənədək İran istehsal etdiyi ağır suyu ABŞ-a satmayacaq".

"Report" xəbər verir ki, bunu İranın Nüvə Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi "Tasnim" agentliyinə müsahibəsində deyib.

"İki milyard dollarla bağlı məsələdən sonra təşkilatdakı həmkarlarıma ağır suyu göndərməkdən çəkinməyi məsləhət gördüm", - deyə Ə.Salehi bildirib.

40 ton ağır suyun Rusiyaya satılması məsələsinə münasibət bildirən Ə.Salehi deyib ki, hələlik yekun razılaşma yoxdur və tərəflər müqavilənin detallarını müzakirə edirlər. 

Qeyd edək ki, ABŞ-ın Ali Məhkəməsi İranın bu ölkədə dondurulmuş bank hesablarından 2,65 milyard dolların ABŞ-ın bir qrup hərbçisinin ailələrinə verilməsi haqda qərar qəbul edib. Həmin məbləğ ABŞ-ın 241 əsgərinin zərəçəkmiş kimi tanınan ailəsinə veriləcək.

Xatırladaq ki, 1983-cü il oktyabrın 23-də Livanın paytaxtı Beyrutda "İslami-Cihad" və "Hizbullah"ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmalarını partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində 58 fransız əsgər həlak olub.

1979-cu il İslam inqilabından sonra İranın ABŞ banklarındakı hesabları dondurulmuşdu. Ötən ilin yayında İslam Respublikası ilə beynəlxalq vasitəçilər arasında əldə edilən razılaşmadan sonra həmin hesablara qoyulan sanksiyalar yumşaldılıb.

Bir müddət əvvəl ABŞ-ın Energetika Nazirliyi İranın nüvə obyektlərindən 32 ton ağır su almaq haqda 8,6 milyon dollar dəyərində razılaşma imzalamışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi