​İran Urmiya hövzəsinə Van gölündən su gətirmək niyyətindədir

​İran Urmiya hövzəsinə Van gölündən su gətirmək niyyətindədir İsa Kələntəri: "Ərazisinin 90 faizi quruyan Urmiya gölünü canlandırmağı planlaşdırırıq"
Region
15 Sentyabr , 2015 20:58
​İran Urmiya hövzəsinə Van gölündən su gətirmək niyyətindədir

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Ərazisinin 90 faizi quruyan Urmiya gölünü canlandırmaq üçün Van gölündən su gətirməyi planlaşdırırıq". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Urmiya gölünü canlandırma komissiyasının katibi İsa Kələntəri bildirib.

Onun sözlərinə görə Vanla Urmiya göllərinin suyunun biri-birinə uyğunluğu yoxlanılacaq: "Araşdırmalar 3-4 ay sürəcək. Bundan sonra məsələyə dair iki ölkə arasında texniki və siyasi yöndə danışıqlar aparılacaq. Bu plan çərçivəsində ətraf mühit, kimyəvi və bioloji araşdırmalar müsbət nəticələnərsə, o zaman suyun nəqli gerçəkləşdiriləcək".

Qeyd edək ki, İran hakimiyyəti mərkəzi şəhəri Urmiya olan Qərbi Azərbaycan əyalətində yerləşən Urmiya gölünə su gətirmək üçün on ildən çoxdur müxtəlif layihələr irəli sürür, bəyanatlar verir. Gölə Xəzərdən, Arazın Ermənistan ərazisindən, Gürcüstandan, hətta İranın Kürdüstan əyalətindəki çaylardan su gətirilməsi ilə bağlı ideyalar irəli sürülüb. Ancaq bunların heç biri indiyədək öz həllini tapmayıb.

Bir neçə gün öncə İran Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əli Əkbər Vilayəti ilə İsveçrənin elm və araşdırma heyəti arasındakı görüşdə də Urmiya gölünün canlanması haqda müzakirə olub.

Həmin görüşdə bildirilib ki, Urmiya gölünün quruması İrana ekoloji cəhətdən mənfi təsir göstərəcək. Odur ki, Sürix Universitetinin imkanlarından istifadə edilərək, boru ilə Van gölündən Urmiya gölünə suyun nəql olunması üçün layihə hazırlanması təklif edilib.

Xatırladaq ki, Urmiya gölü Qərbi və Şərqi Azərbaycan əyalətləri arasında yerləşir. Bu, İranın ən böyük gölüdür. Dünyada isə ikinci şor göl sayılır. Sahəsi 6 min kv.km-dir. Van gölü isə Türkiyənin Şərqi Anadolu hissəsində yerləşir. İki göl arasındakı məsafə 147 km-dir.

İran hakimiyyəti on ildir Urmiya gölünün qurumasının qarşısını almaq üçün 6 milyard dollar ayırdığını bildirir, ancaq bu illər ərzində su hövzəsi günü-gündən quruyur. 

Son xəbərlər

Orphus sistemi