Yuxarı

​İran Ermənistana təbii qaz ixracını azaldacaq

Həmidrza Əraki: Həmin müəssisə Türkmənistandan təbii qazı alıb İrana çatdıracaq

Bakı. 8 avqust. REPORT.AZ/ Bu ilin sentyabrından İran Ermənistana ixrac etdiyi təbii qazın həcmini azaldacaq.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu İranın neft sənayesi nazirinin müavini Həmidrza Əraki bildirib.

Onun sözlərinə görə, bu ilin iyulunda Ermənistanın daha çox təbii qaza ehtiyacı var idi: "Biz onların təklifini nəzərə alıb, ixrac etdiyimiz təbii qazın həcmini artırdıq. İki ölkə arasında bağlanan müqavilədə müəyyən həcm nəzərdə tutulduğundan sentyabrdan yanacağın həcmini azaldacağıq".

Qeyd edək ki, ötən ay Gürcüstanla Rusiya arasındakı təbii qaz kəməri təmirə dayandırılmışdı. Həmin xətlə təbii qazın nəqli dayandırıldığından rəsmi Yerevan İslam Respublikasından Ermənistana ixrac etdiyi "mavi yanacağ"ın həcminin artırılmasını istəmişdi.

Nazir müavini Türkmənistan təbii qazının İran vasitəsilə Azərbaycana ötürülməsi məsələsinə də münasibət bildirib: "Bunu İranın özəl şirkəti həyata keçirəcək. Bu şirkət Azərbaycan və İran hökumətlərinə bağlı deyil. Həmin müəssisə Türkmənistandan təbii qazı alıb İrana çatdıracaq. Biz isə onu Azərbaycana satmağı planlaşdırırıq".

H.Əraki Naxçıvanın "mavi yanacaq"la təmin edilməsi üçün Azərbaycanla İran arasında bu istiqamətdə təbii qaz mübadiləsinin aparıldğını da vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi