Yuxarı

Heydər Əliyev Fondu Gürcüstanda konsert təşkil edib - FOTO

​Heydər Əliyev Fondu Gürcüstanda konsert təşkil edib
© Foto: "Report"

Gürcüstanın Marneuli rayonunda Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsert keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, konsert Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində Heydər Əliyev Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov konsertin təşkil olunmasına göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirib.

Səfir Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması tarixi, ümummilli lider Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsindəki xidmətləri və rolu barədə danışıb.

O, Azərbaycan-Gürcüstan dostluğuna toxunaraq deyib ki, iki dövlət və xalq arasında heç zaman heç bir münaqişə olmayıb, Azərbaycan Gürcüstanın çətin dövrlərində ona qardaş yardımı göstərib.

Sonra çıxış edən Kvemo Kartli qubernatoru Şota Rexviaşvili Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib. O, Azərbaycan dövlətinə və xalqına əmin-amanlıq, tərəqqi, çiçəklənmə arzu edib. Qubernator Gürcüstan və Azərbaycanın strateji tərəfdaş, mehriban qonşu ölkələr olduğunu deyib.

Digər natiqlər - Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin aparat rəhbəri Tina Ğoğeliani, deputat Mahir Dərziyev Azərbaycan və Gürcüstan yaxın dost ölkə olmasından və iki ölkə rəhbərliyinin bu münasibətlərin daha da möhkəmləndirilməsinə xüsusi önəm verməsindən danışıblar.

Konsertdə Azərbaycanın xalq artisti Natiq Şirinovun "Natiq" ritm qrupu, əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə "Mirvari" rəqs qrupu, əməkdar artist, tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi ansambl və üçüncü Respublika Muğam Müsabiqəsinin qalibi Mirələm Mirələmov çıxış ediblər.

Tamaşaçılara "Natiq" ritm qrupu "Atəşgah", "Mehriban" və digər kompozisiyaları, "Mirvari" rəqs qrupu "Qaytağı", "Odlar yurdu", "Yallı" və digər xalq rəqslərini təqdim ediblər.

Konsert proqramına “Natiq” ritm qrupu və “Mirvari” rəqs qrupunun birgə təqdim etdiyi “Qarabağ” kompozisiyası ilə yekun vurulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi