Yuxarı

Gürcüstanlı ekspert: ​"Ermənistandakı Metsamor AES dünya üçün ciddi təhlükə mənbəyidir və bağlanmalıdır"

Mərkəz direktoru: Metsamor AES-in bağlanması ilə bağlı Azərbaycan tərəfinin başlatdığı petisiya çox düzgün addımdır”

Tbilisi. 14 may. REPORT. AZ/ "Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütövlükdə dünya üçün ciddi təhlükə mənbəyidir. Ona görə də hesab edirəm ki, bu stansiyanın fəaliyyəti birdəfəlik dayandırılmalıdır".

Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tbilisi Dövlət Universitetinin müəllimi, politoloq Badri Natçkebia "Report"a açıqlamasında deyib ki, MAQATE və digər nüfuzlu beynəlxalq təşkilatlar Cənubi Qafqaz regionuna nəzarəti gücləndirməlidirlər.

O bildirib ki, bu yaxınlarda Gürcüstanda Uran-238 elementini satmaq istəyən altı nəfər həbs olunub: "Onlardan üçü Ermənistan vətəndaşlarıdır. Araşdırmalar zamanı aydın olub ki, tutulan Ermənistan vətəndaşlarından biri Metsamor AES-də işləyib. Digəri isə uzun illər Ermənistan xüsusi xidmət orqanlarında çalışıb. Bu faktlar Uran-238 elementinin Gürcüstana Ermənistandan gətirilməsi faktını bir daha təsdiqləyir. Bir daha əminliklə deyə bilərəm ki, bu maddə məhz Ermənistandan gətirilib. Artıq hamıya bəllidir ki, nə Azərbaycanda, nə də Gürcüstanda bu qəbildən olan maddələr yoxdur. Ermənistandakı Metsamor AES isə əsl uran mənbəyidir”.

Politoloqun fikrincə, Metsamor AES ümumiyyətlə radioaktiv təhlükə mənbəyidir: "Bu stansiyanın istifadəyə verilməsindən xeyli ötüb. Stansiyanın yararsız olması barədə kifayət qədər faktlar var. Bu il bu stansiyanın bağlanması ilə bağlı müzakirələrin açılacağı gözlənilirdi. Amma təəssüf ki, Ermənistan tərəfi yenə də bundan imtina edir və regionumuz üçün təhlükə qalmaqda davam edir. Heç kim Çernobıl faciəsini unutmamalıdır. Ermənistandakı AES təkcə Azərbaycan və Gürcüstan üçün deyil, əslində, dünyanın özü üçün böyük təhlükə mənbəyidir. Bizə sağlam cəmiyyət, sağlam dünya lazımdır. Amma bu gün fauna və floramız, bütövlükdə cəmiyyətimiz təhlükə ilə qarşı-qarşıyadır. Hesab edirəm ki, Metsamor AES-in bağlanması ilə bağlı Azərbaycan tərəfinin başlatdığı petisiya çox düzgün addımdır”.

Politoloq vurğulayıb ki, Gürcüstan vətəndaşları da buna fəal qoşulmalıdırlar.

B.Natçkebia son günlər Ermənistan siyasətçilərinin yenidən atom silahı əldə etmək barədə çıxışlarına da münasibət bildirib. O deyib ki, hələ 1989-cu ildə Ermənistanda fəal qruplaşmalardan birinin rəhbəri olan İqor Muradyan ölkəsində atom silahının yaradılmasının zəruriliyi barədə bəyanatla çıxış etmişdi: "Bu günlərdə isə Ermənistan parlamentinin deputatı Qrant Baqratyan eyni bəyanatla çıxış edib. Belə bəyanatlar bir daha sübut edir ki, Ermənistan bölgədə sülhün, əmin-amanlığın, təhlükəsizliyin pozulmasında əsas amil ola bilər”.

Politoloqun sözlərinə görə, Ermənistanın atom silahına sahib olması barədə erməni siyasətçilərin bəyanatları hələlik inandırıcı deyil: "Amma elm, texnologiyanın sürətli inkişafı dövründə indi belə silahlara sahib çıxmaq elə də çətin deyil. Ona görə də MAQATE və digər beynəlxalq təşkilatlar regiona diqqəti artırmalıdırlar. Cənubi Qafqazda iki dəfə belə bir təhlükəli maddənin satışına cəhd göstərilməsi çox ciddi məsələdir və diqqətdən kənarda qala bilməz".

B.Natçkebianın fikrincə, Gürcüstan da bu məsələdə çox diqqətli olmalıdır: "Uran-238 maddəsini satmaq istəyən şəxslər tutularkən Gürcüstanın xüsusi xidmət orqanları dərhal ABŞ-dan ekspert dəvət etməli və ya beynəlxalq ekspertləri məsələyə cəlb etməli idi. Gürcüstan Avropaya inteqrasiya edir, NATO-ya üzv olmaq istəyir. Ona görə də regionda təhlükəsizlik məsələsinə ciddi yanaşılmalı və obyektiv araşdırma aparılmalıdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi