​Gürcüstanda yaşayan azərbaycanlılardan Türkiyəyə dəstək - FOTO

​Gürcüstanda yaşayan azərbaycanlılardan Türkiyəyə dəstək - FOTO Soydaşlarımız qardaş türk xalqı ilə birdir və bu ölkənin bütövlüyünü dəstəkləyir
Region
22 İyul , 2016 23:29
​Gürcüstanda yaşayan azərbaycanlılardan Türkiyəyə dəstək - FOTO

Tbilisi. 22 iyul. REPORT.AZ/ Gürcüstanda fəaliyyət göstərən Azərbaycan qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Türkiyədə baş verənlərdən narahatdırlar.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK), “Aktiv” Qadınları Assosiasiyasının, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının üzvləri qardaş ölkədə baş verən dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyib. QHT üzvlərinin iyulun 22-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən toplantısında bu məsələ ciddi müzakirə olunub.

Tədbirdə çıxış edən GAK sədri Hüseyn Yusifov deyib ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd demokratik bir topluma, xalqın azad seçiminə qarşı qəsd idi. Lakin, müdrik türk xalqı birlik nümayiş etdirərək, bütün çətinliklərə baxmayaraq zorakılığa, əsarətə yox dedi, öz dövlətini qorumağı bacara bildi. Bu birlik türk xalqının qorxmazlığının, öz seçiminə hörmətinin göstəricisidir.

Muzeyin direktoru Leyla Əliyev, “Aktiv” Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva və başqaları çıxış edərək baş verənlərin Türkiyənin inkişafına ciddi ziyan vura biləcəyini və bunun region ölkələrindən də yan keçməyəcəyini xüsusi qeyd ediblər.

Türkiyədə baş verən hadisələrin təkrarlanmasının yolverilməz olduğu bildirilib.

Qeyd olunub ki, Gürcüstanda yaşayan azərbaycanlılar qardaş türk xalqı ilə birdir və Türkiyənin bütövlüyünü dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi