Bakı. 28 aprel. REPORT.AZ/ Gürcüstanın Acariya Muxtar Respublikasının Kobuleti şəhərində uran radioaktiv maddəsini satmağa cəhd edərkən 5 nəfər saxlanılıb.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda jurnalistlərə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətindən (DTX) bildirilib.
Məlumata görə, saxlanılanların hamısı Gürcüstan vətəndaşlarıdır.
İnformasiyaya görə, onlar 3 milyon dollarlıq uranı Kobuletidə satarkən tutulublar.
DTX-nin məlumatına əsasən, çəkisi 1,625 kq olan maddədə uran radioaktiv elementinin uran-238 və uran-235 izotopu olub.
Faktla bağlı cinayət işi başlanıb. Saxlanılanları 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, DTX-nin əməkdaşları apreldə nüvə materialının qanunsuz satışı ilə məşğul olmağa cəhd göstərən 6 nəfəri saxlayıb. Saxlanılanlardan 3-ü Ermənistan, 3-ü isə Gürcüstan vətəndaşıdır. Onlar əldə etdikləri radioaktiv maddəni 200 milyon dollara satmağa cəhd edərkən tutulublar.