Yuxarı
    Bağlamaq

    Gürcüstanda kənd təsərrüfatı torpaqlarının əcnəbilərə satılması ilə bağlı qadağa müvəqqəti ləğv olunub

    Dinlə

    Tbilisi. 7 dekabr. REPORT.AZ/ Gürcüstanda xarici vətəndaşlara kənd təsərrüfatı torpaqlarının satışına qoyulmuş moratorium müvəqqəti ləğv olunub.

    “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Konstitusiya Məhkəməsi qərar qəbul edib.

    Qərara əsasən, qadağa Gürcüstan Konstitusiyasına zidd elan olunub.

    Konstitusiya Məhkəməsinə Yunanıstan vətəndaşları iddia ilə müraciət ediblər. Onlar qüvvədə olan qadağanın Gürcüstanın hazırkı əsas qanununun mülk və mirasın toxunulmazlığı və tanınması maddələrinə uyğun gəlmədiyini bildiriblər.

    Qeyd edək ki, bu ilin iyun ayında Gürcüstan parlamenti əcnəbilərə kənd təsərrüfatına yararlı torpaqların satılmasına moratorium qoyub. Moratorium Gürcüstan Konstitusiyasının yeni redaksiyasının qüvvəyə minməsinə qədər qüvvədə olmalı idi. Ölkənin əsas qanunu ilə kənd təsərrüfatı torpaqlarının xarici vətəndaşlara satılması tam qadağan olunacaq.

    Gürcüstan Konstitusiyasının yeni redaksiyasının dekabrın 16-da - yeni prezidentin andiçmə mərasimindən sonra qüvvəyə minməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin qərarı doqquz gün etibarlı olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi