Tbilisi. 19 yanvar. REPORT.AZ/ Tbilisi. 19 yanvar. REPORT.AZ/ Yanvarın 18-də axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisidə yerləşən hökumət binası qarşısında “Qazprom”a yox deyək!” şüarı altında (Rusiyanın “Qazprom” şirkəti ilə bağlanmış müqaviləyə etiraz olaraq – red.) aksiya keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, “Azadlığı müdafiə” paltforması tərəfindən təşkil olunan aksiyanın iştirakçıları hökumətin “Qazprom”la razılaşmasını ciddi tənqid edib, hökumətdən müqavilənin bütün şərtlərinin tezliklə ictimaiyyətə açıqlanmasını tələb ediblər.
Aksiyada qeyd olunub ki, yeni müqavilə Gürcüstanın təhlükəsizliyinə təhdiddir və ölkəni məğlubiyyətə aparır.
Əvvəlki müqavilənin Gürcüstan üçün daha sərfəli olduğunu vurğulayan iştirakçılar, ölkəni məğlub vəziyətə salacaq razılaşmanın həyata keçməsinə imkan verməyəcəklərini bəyan ediblər.
Tədbir təşkilatçılarından biri - “Gürcüstanı müdafiə et” İctimai Birliyinin liderlərindən biri Tamar Çerqoleişvili hökumətin “Qazprom”la imzaladığı müqaviləyə etiraz etmək üçün bir araya gəldiklərini bildirib:
“Qazprom” Ermənistana satdığı qazı yalnız Gürcüstan ərazisindən nəql edirdi. Başqa yolu yox idi. Gürcüstan tranzit ölkədir və bundan 200 milyon kubmetr qaz əldə edirdi. İndi isə bunun yarısının pulunu alacaq. Bəs qalan 100 milyon kubmetr necə olacaq. Başa düşə bilmirik ki, niyə Gürcüstan hökuməti bizim üçün əlverişli olan müqaviləni bizi asılı vəziyyətə salan müqavilə ilə əvəzləyir?
Bizim birinci tələbimiz budur ki, danışıqlar şəffaf keçirilsin, bütün detallar cəmiyyətə açıqlansın. İkinci tələbimiz isə odur ki, hökumət bizim – Gürcüstan xalqının maraqlarına xidmət etsin. Biz buna görə hökumətə pul ödəyirik".
Aksiyanın digər iştirakçısı, Gürcüstan parlamentinin deputatı Qiqa Bakeriya “Report”un Gürcüstan bürosuna müsahibəsində deyib ki, tədbiri təşkil edənlər ölkənin gələcəyi üçün narahat olan insanlardırlar.
"Hazırkı hökumət “Qazprom”la razılaşma imzalamaqla sübut etdi ki, hətta Şevardnadze hakimiyyətindən də zəifdir. Eduard Şevardnadze “Qazprom”a yox deyə bilmişdi. Bu hökumət isə “Qazprom”un qarşısında tab gətirə bilmədi. İndiki hökumətin imzaladığı bu müqavilə bizim milli maraqlarımıza ziddir. Keçən il də “Qazprom” belə bir təklif irəli sürmüşdü. O zaman hökumət iddia edirdi ki, Azərbaycandan lazım olan həcmdə qaz ala bilmirik, əlavə pul lazımdır. Amma bu tam yalan idi. Azərbaycan bizim strateji tərəfdaşımızdır və ən çətin məqamlarımızda bizə yardım edib. İndi isə iddia edirlər ki, guya “Qazprom” təbii qazı İran ərazisindən Ermənistana satmaq niyyətindədir. Bu da həqiqətə uyğun deyil. Sadəcə olaraq indiki hökumət “Qazprom” qarşısında təzyiqlərə tab gətirə bilmədi”.
Parlamentin digər deputatı Otar Kaxidze isə deyib ki, hökumətin “Qazprom”la imzaladığı müqavilə Gürcüstanın dövlət maraqlarına tam ziddir və ölkəni yenidən kimdənsə asılı vəziyyətə salacaq.
Deputatın sözlərinə görə, hökumət ilk növbədə müqavilənin şərtlərini açıqlamalıdır:
“Hər şey gizli saxlanılır. Bizim strateji tərəfdaşımız olan Azərbaycan ilə imzalanan müqavilə barədə detallar açıqlanmışdı. Sual olunur, bəs niyə görə “Qazprom”la müqavilənin şərtləri gizli saxlanılır? Belə aydın olur ki, deməli müqavilə, bizim milli maraqlarımıza tam ziddir və xalqımızın gələcəyini təhlükə altında qoyur”.
Aksiya zamanı qarşıdurma qeydə alınmayıb və o, insidentsiz başa çatıb.