Gürcüstanda beynəlxalq hərbi təlimlər keçirilir

Gürcüstanda beynəlxalq hərbi təlimlər keçirilir Təlimlərdə 2 min 800 hərbçi iştirak edir
Region
30 İyul , 2017 19:54
Gürcüstanda beynəlxalq hərbi təlimlər keçirilir

Tbilisi. 30 iyul. REPORT.AZ/ Bu gün Gürcüstandakı Vaziani hərbi aerodromunda NATO-nun rəhbərliyi ilə “Layiqli tərəfdaş 2017” (Noble Partner 2017) adlı beynəlxalq hərbi təlimlərin açılışı olub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbir ölkənin rəsmi himni ilə açılıb. Açılış mərasimində Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, baş nazir Giorgi Kvirikaşvili, müdafiə naziri Levan İzoria, Müdafiə Nazirliyinin Baş qərargah rəisi, general-mayor Vladimir Çaçibaia və ABŞ səfiri Yan Kelli çıxış ediblər.

Tədbirdə Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, icra və hökumət təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.

Təlimlərdə 8 ölkə - NATO-ya üzv və tərəfdaş ölkələr, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ukrayna, Gürcüstan və Ermənistan hərbçiləri iştirak edir.

Tədbirdə müdafiə və hücum əməliyyatları, qərar qəbuletmə, komanda və nəzarət, həmçinin müxtəlif ölkələrin, o cümlədən ABŞ, Böyük Britaniya, Gürcüstan və tərəfdaş ölkələrin silahlı qüvvələrinin qarşılıqlı imkanları, NATO-nun döyüş gücü və hərbi potensialı barədə təlimlər keçirilir.

Təlimlərin başlanğıcında ölkə prezidenti və baş nazir, həmçinin digər güc strukturlarının nümayəndələri, ABŞ səfiri təlim iştirakçıları ilə görüşərək tədbirdə onlara uğurlar arzulayıblar.

Təlimlərdə Amerika tankları və "C-130" hərbi təyyarələri, Almaniya hərbi maşınlarından istifadə olunacaq.

Artıq 3-cü dəfədir keçirilən təlimlərdə 2 min 800 hərbçi, eləcə də Türkiyə Silahlı Qüvvələrinin 4 zabiti iştirak edir. Təlimlər avqustun 12-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi