​Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı yaradılıb

​Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı yaradılıb Təşkilat sədri: "Biz tarixi vətənimiz Azərbaycan ətrafında daha sıx birləşəcəyik”
Region
16 İyun , 2016 16:44
​Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı yaradılıb

Tbilisi. 16 iyun. REPORT.AZ/ Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı adlı təşkilat yaradılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, qurum Gürcüstandakı azərbaycanlı müəllimləri, elm və təhsil işçilərini öz ətrafında birləşdirəcək.

Bu gün Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində təşkilatın təqdimatı olub. Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının sədri, Qardabani rayon Kəpənəkçi kənd məktəbinin müəllimi Səadət Quliyeva yeni yaradılan qurum barədə ətraflı məlumat verib: "Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı tarixi çıxışından sonra Gürcüstandakı azərbaycanlı ziyalılar bu ölkədəki soydaşlarımızın daha da təşkilatlanması, birliyinin möhkəmlənməsi üçün yeni bir qurumun - Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının yaranması barədə qərar qəbul ediblər. Bu ittifaq həmçinin Gürcüstandakı müəllim çatışmazlığı, kadr problemi, gənclərin və yeniyetmələrin cəmiyyətə inteqrasiyası, gürcü və azərbaycanlı məktəblər arasında əlaqələrin möhkəmlənməsi sahəsində də mühüm işlər görəcək".

Sonra professor Kamal Hacıxəlilov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Gürcüstan parlamentinin deputatları Azər Süleymanov, Əli Məmmədov, Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Əli Abbas və başqaları çıxış edərək təşkilatın yaranma zərurətindən danışıblar. Bildirilib ki, bu gün Gürcüstandakı azərbaycanlı müəllimlərin 80 faizini yaşlı insanlar təşkil edirlər. Qalan 20 faizi isə gənclərdir və onlar da tədricən pedaqoji fəaliyyətdən uzaqlaşırlar. Bu gün Gürcüstanda azərbaycanlı kadr çatışmazlığı, gənc müəllimlərin məktəblərdən uzaqlaşması, yeni nəslin bu sahəyə marağının azalması yeni bir təşkilatın yaranması zərurətini yaradıb. Qeyd olunub ki, bu təşkilat sadalanan problemlərin həllində, Gürcüstanda yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsində mühüm rol oynayacaq.

S.Quliyeva təqdimatdan sonra jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstanda yaşayan azərbaycanlı müəllimlərin vahid amal ətrafında birləşməsinə nail olmaq üçün yaradılan təşkilat gürcü-azərbaycanlı dostluğunun inkişafı, kadr, azərbaycanlı şagirdlərin dərslik və digər problemlərinin həllində də mühüm rol oynayacaq: "Biz Azərbaycan Prezidenti İlham Əliyevin qurultaydakı çıxışını diqqətlə izlədik. Bu, bizim üçün birliyə bir çağırış idi. Biz də bu çağırışa qoşuluruq və tarixi vətənimiz Azərbaycan ətrafında daha sıx birləşəcəyik”.

Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı isə bildirib ki, Azərbaycanlı Müəllimlər İttifaqının yaradılması olduqca vacibdir: “Gürcüstan hökuməti dostluğa, cəmiyyətin inkişafına, azərbaycanlıların inteqrasiyasına xidmət edən bu cür təşkilatların yaranması dəstəkləyir”.

Son xəbərlər

Orphus sistemi