Gürcüstanda 20 Yanvar şəhidinin xatirəsi anılıb - FOTO

Gürcüstanda 20 Yanvar şəhidinin xatirəsi anılıb - FOTO Gürcüstanda 20 Yanvar şəhidi Ələsgər Yusif oğlu Qayıbovun xatirəsi anılıb. “Report”un yerli bürosu xəbər verir ki, şəhidin doğulduğu Saqareco rayonunun Yormuğanlı kəndində 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub. Anım tədbirində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, şəhidin qohumları, tələbə yoldaşları, ziyalılar və səfirlik əməkdaşları iştirak ediblər.
Region
19 Yanvar , 2020 11:16
Gürcüstanda 20 Yanvar şəhidinin xatirəsi anılıb - FOTO

Gürcüstanda 20 Yanvar şəhidi Ələsgər Yusif oğlu Qayıbovun xatirəsi anılıb. “Report”un yerli bürosu xəbər verir ki, şəhidin doğulduğu Saqareco rayonunun Yormuğanlı kəndində 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub. Anım tədbirində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, şəhidin qohumları, tələbə yoldaşları, ziyalılar və səfirlik əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları abidənin önünə gül dəstələri qoyublar, 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub. D.Həsənov 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Gürcüstanda silsilə anım tədbirlərinin keçirildiyini diqqətə çatdırıb. O, 1990-cı ilin Qanlı Yanvar faciəsini Azərbaycan xalqına qarşı törədilən ağır cinayət adlandırıb. Səfir qeyd edib ki, 20 Yanvar qətliamı hüzn və kədər günü olmaqla yanaşı həm də Azərbaycan tarixində qəhrəmanlıq səlnaməsidir.


Professor Mahmud Kamaloğlu, Gürcüstanın Azərbaycanlı Ağsaqallar Şurasının sədri İsaq Novruzov da çıxış edərək 20 Yanvar faciəsi zamanı şəhid olan Gürcüstan azərbaycanlılarının ömür yolundan və şəhidlik tarixçələrindən söz açıblar. Çıxış edən Əmir Qayıbov qardaşının xatirəsinin əziz tutulduğuna görə Azərbaycan səfirliyinə minnətdarlığını ifadə edib. O, şəhidin Bakıdakı qanlı hadisələr zamanı yaralıya kömək edərkən vurulduğunu bildirib. Ə.Qayıbov qardaşının təhsil aldığı Yormuğanlı kənd orta məktəbinə onun adının verilməsini arzuladığını bildirib.


Daha sonra D.Həsənov və səfirlik nümayəndələri şəhidin yaxınlarını ziyarət ediblər, onların vəziyyətləri ilə maraqlanıblar. Səfirlik adından şəhidin qohumlarına ərzaq sovqatı təqdim olunub. 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri Telavi rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində də təşkil olunub.

Mərasimdə şəhidlərin xatirəsi anılıb, faciənin əks olunduğu videoçarx və fotoşəkillər nümayiş etdirilib. Çıxış edənlər 20 Yanvar hadisələrinə aparan yoldan, bu faciənin Gürcüstan azərbaycanlıları arasında dərin kədər hissi ilə qarşılandığından və onların adından Bakıya göndərilən yardım barədə danışıblar. Sonda ehsan süfrəsi açılıb, şəhidlərin ruhuna dualar edilib. 

Son xəbərlər

Orphus sistemi