Gürcü ekspertlər: "Gürcüstan parlamentinin qəbul etdiyi qətnamə regionda sülhün və təhlükəsizliyin təminatında mühüm rol oynayacaq" - FOTO

Gürcü ekspertlər: "Gürcüstan parlamentinin qəbul etdiyi qətnamə regionda sülhün və təhlükəsizliyin təminatında mühüm rol oynayacaq" - FOTO Gürcüstan parlamenti dövlətin xarici siyasətinin əsas istiqamətlərini müəyyən edən yeni qətnamə qəbul edib
Region
6 Yanvar , 2017 17:18
Gürcü ekspertlər: Gürcüstan parlamentinin qəbul etdiyi qətnamə regionda sülhün və təhlükəsizliyin təminatında mühüm rol oynayacaq - FOTO

Tbilisi. 6 yanvar. REPORT.AZ/ Gürcüstan parlamenti dövlətin xarici siyasətinin əsas istiqamətlərini müəyyən edən yeni qətnamə qəbul edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, sənəddə Gürcüstanın BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər nüfuzlu beynəlxalq təşkilatlarla həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və inkişafı məsələləri əks olunub. 

Eyni zamanda, sənəddə Gürcüstanın bəzi təşkilatlarla əməkdaşlığına yenidən baxılması da nəzərdə tutulub.

Siyasi icmalçıların fikrincə, Gürcüstanın bəzi təşkilatlarla əməkdaşlığı bu günədək formal xarakter daşıyırdı. Bir sıra təşkilatlar həyati vacib məsələlərə, xüsusilə də regional əməkdaşlıq, təhlükəsizlik, ərazi bütövlüyü məsələlərinə ikili standartlardan yanaşırdılar. Buna görə də həmin təşkilatlarla münasibətlərə yenidən baxılması zərurəti yaranmışdı.

Onların qənaətinə görə, xarici siyasətdə bu cür konkretlik dövlətin beynəlxalq nüfuzunu artıracaq, əlaqələrinin daha da inkişafında mühüm rol oynayacaq.

Parlamentin deputatı Nahir Dərziyev “Report”a müsahibəsində deyib ki, bu qətnamədə xarici siyasətin əsas istiqamətləri müəyyənləşib: "Sənəddə əsasən üzv olduğumuz təşkilatlarla, eləcə də digər ölkələrlə əməkdaşlığımızın daha da genişləndirilməsi məsələləri əksini tapıb. Hesab edirəm ki, bu qətnamə, həlli vacib məsələlərdə, xüsusilə də təhlükəsizlik məsələsində Gürcüstanın mövqeyinin daha səmərəli müdafiəsinə imkan yaradacaq. Gürcüstan ilə Azərbaycan strateji tərəfdaşdırlar. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də ikitərəfli qaydada səmərəli əməkdaşlıq edir. Düşünürəm ki, bu qətnamə münasibətlərimizin yeni müstəvidə inkişafında daha bir səhifə açacaq”.

Tarixçi alim, politoloq Quram Marxuliya da hesab edir ki, bu sənəd Gürcüstanın xarici siyasətində, dünya və region dövlətləri ilə münasibətlərinin inkişafında mühüm rol oynayacaq. Gürcüstan bəzi beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq edirdi. Lakin bu əməkdaşlıq bəzən istənilən effekti vermirdi: “Düşünürəm ki, beynəlxalq münasibətlərə yenidən baxılması, xarici siyasətin yeni istiqamətlərinin müəyyənləşməsi müsbət nəticələr verəcək. Bu, həm də regionda sülhün bərqərar olmasında və təhlükəsizliyin təminatında, eləcə də əməkdaşlığın səmərəliliyinin artmasında mühüm rol oynayacaq”.  

Son xəbərlər

Orphus sistemi