Gürcüstan ombudsmanı: “Milli azlıqların mərkəzi dövlət qurumlarında təmsilçiliyi aşağı səviyyədədir”

Gürcüstan ombudsmanı: “Milli azlıqların mərkəzi dövlət qurumlarında təmsilçiliyi aşağı səviyyədədir” “Gürcüstanın mərkəzi dövlət qurumlarında milli azlıqların təmsilçiliyi aşağı səviyyədədir”.
Region
7 İyun , 2019 12:27
Gürcüstan ombudsmanı: “Milli azlıqların mərkəzi dövlət qurumlarında təmsilçiliyi aşağı səviyyədədir”
Report

“Gürcüstanın mərkəzi dövlət qurumlarında milli azlıqların təmsilçiliyi aşağı səviyyədədir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan ombudsmanı Nino Lomcaria “Milli azlıqların qərar qəbuletmə prosesində iştirakı” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, milli azlıq nümayəndələrinin qərar qəbuletmə prosesinə cəlb olunması istiqamətində çoxillik fəaliyyətə baxmayaraq, bu sahədə hələ də qaneedici nəticə əldə olunmayıb: “Milli azlıqların yığcam yaşadıqları bölgələrin yerli idarəetmə qurumlarında təmsilçiliyi müşahidə olunsa da, mərkəzi dövlət qurumlarında onların təmsilçiliyi aşağı səviyyədədir”.

N.Lomcaria bildirib ki, etnik azlıqlardan olan gənclər üçün dövlət idarələrində həyata keçirilən təcrübə proqramı bu istiqamətdə irəliləyişə nail olmağa imkan verir.

İnsan haqları üzrə müvəkkil qeyd edib ki, milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası orta məktəblərdən başlamalıdır: “Etnik azlıqların təhsil aldıqları məktəblərdə dövlət dilinin tədris keyfiyyətinin yüksəldilməsinə ehtiyac var”.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili milli azlıqların inteqrasiyasının hökumətin əsas prioritetlərindən biri olduğunu deyib: “Bu sahədə dövlətlə yanaşı, vətəndaş cəmiyyətinin də fəal iştirakı tələb olunur. Dövlətin dəstəyi ilə həyata keçirilən layihə və proqramlar sayəsində milli azlıqların dövlət qurumlarında təmsilçiliyinin artırılması ilə bağlı müsbət nəticələr əldə olunub”.

Onun sözlərinə görə, Axalkalaki rayonunda ermənilərin yerli dövlət orqanlarında təmsilçiliyi azərbaycanlıların yaşadığı Marneuli rayonu ilə müqayisədə yüksək səviyyədədir. Dövlət naziri qeyd edib ki, parlamentdə milli azlıqlar proporsional səviyyədə təmsil olunmayıblar.

K.Tsixelaşvili milli azlıqların ali məktəblərə qəbul olunması üzrə həyata keçirilən “1+4” proqramı ilə bağlı əldə olunan uğurlardan danışıb. 

Onun sözlərinə görə, ildən-ilə bu proqramla universitetlərə qəbul olan gənclərin sayı artır: “Dövlət qurumlarında 2017-ci ildən həyata keçirilən təcrübə proqramında 300-ə yaxın gənc iştirak edib. Onların bəziləri bu proqramdan təkrar yararlanıb. Bu proqram davam etdirilir və gənclərin sayının 500-ə çatacağı gözlənilir. Həmin gənclər dövlət dilini lazımi səviyyədə bilməklə yanaşı, dövlət qurumlarında iş təcrübəsinə də malik olurlar və bu da onların peşəkar kadra çevrilməsinə kömək edir”.

Dəyirmi masa milli azlıqların inteqrasiyası, dövlət dilinin tədrisindəki problemlər, mərkəzi dövlət strukturlarında təmsilçiliyi, ölkənin sosial-iqtisadi və siyasi həyatında iştirakı və digər mövzular üzrə müzakirələr aparılıb. Tədbirdə ombudsman yanında Milli azlıqlar şurasının üzvləri, etnik azlıqların təmsil olunduqları QHT təmsilçiləri iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi