Gürcüstan müxalifəti yeni mitinqlərə hazırlaşır - İCMAL

Gürcüstan müxalifəti yeni mitinqlərə hazırlaşır - İCMAL Prezident, müxalifət partiyaları və QHT-lər konstitusiyaya təklif olunan dəyişikliklərlə razılaşmır
Region
3 May , 2017 14:54
Gürcüstan müxalifəti yeni mitinqlərə hazırlaşır - İCMAL

Tbilisi. 3 may. REPORT.AZ/ Gürcüstan parlamentində konstitusiyaya dəyişikliklərlə əlaqədar yaradılmış komissiya 4 ay davam edən müzakirələrdən sonra öz işini başa çatdırıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, konstitusiyaya təklif olunan dəyişikliklər layihəsi parlamentin bürosuna təqdim edilib.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze bildirib ki, siyasi partiyaların və QHT-lərin nümayəndələri yeni konstitusiya layihəsinin bəzi detallarına etiraz olaraq komissiyanın yekun iclasını tərk ediblər. Buna baxmayaraq, komissiya yeni dəyişiklikləri parlamentin bürosuna təqdim edib. Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası hesab edir ki, bu dəyişikliklər cəmiyyətin inkişafına, Avropaya inteqrasiyasına və ölkədə yeni demokratik mühitin, institutun formalaşmasına xidmət edəcək. 

İ.Kobaxidzenin çıxışından sonra müxalifət partiyaları və QHT-lər konstitusiyaya təklif olunan dəyişikliklərə etirazlarını bildiriblər. Müxalifət düşərgəsində məsləhətləşmələr davam edir və yaxın günlərdə müxalifətin konstitusiyaya dəyişikliklərlə əlaqədar yeni etiraz aksiyaları keçirəcəyi bildirilir.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili də konstitusiyaya təklif olunan dəyişikliklərin əleyhinədir. Dövlət başçısı bu dəyişikliklərə ehtiyac olmadığını bildirib. Prezident və müxalifət partiyaları hesab edirlər ki, konstitusiyaya dəyişikliklər hakimiyyətdə olan bəzi vəzifəli şəxslərin və onları himayə edən oliqarxların təşəbbüsüdür. Onlar ilk növbədə prezidentin xalq tərəfindən deyil, parlament tərəfindən seçilməsini istəyirlər. Bununla da həmin qüvvələr heç bir səlahiyyəti olmayan, yalnız simvolik vəzifə tutan şəxsi prezident seçəcəklər. Çünki yeni dəyişikliklərdə Gürcüstan prezidentini əsasən parlamentin deputatları, Abxaziya və Acarıstan muxtar respublikalarının seçkili orqanlarının üzvləri, habelə proporsional siyahılar üzrə yerli özünüidarə orqanlarına seçilmiş şəxslər seçəcəklər.

Yeni konstitusiya layihəsi prezidentin funksiyalarını da məhdudlaşdırır. Prezident artıq təhlükəsizlik və müdafiə məsələlərini kurasiya edə bilməyəcək. Prezident yanında Təhlükəsizlik Şurası isə yalnız hərbi əməliyyatlar zamanı toplanacaq.

Bundan başqa, prezident artıq beynəlxalq arenada ölkənin ali təmsilçisi olmayacaq, hakimləri və Ali Məhkəmə sədrliyinə namizədləri təqdim etməyəcək. Bu səlahiyyət Ali Ədliyyə Şurasına veriləcək.

Yeni konstitusiya layihəsinə görə, parlament seçkiləri proporsional sistemlə keçiriləcək və seçki bloklarının yaradılması da qadağan edilir.

İ.Kobaxidze çıxışında deyib ki, növbəti prezident seçkisi 2018-ci ildə keçiriləcək və bu seçkilərdə dövlət başçısı köhnə qayda - ümumxalq səsverməsi ilə seçiləcək.

Konstitusiyaya təklif olunan dəyişikliklərdə ailə, nikah məsələsi də nəzərdə tutulub. Dəyişikliklərdə nikah anlayışı “kişi və qadının ailə qurmaq məqsədilə bağladığı ittifaq” kimi təsbit olunub.

QHT nümayəndələri isə hesab edirlər ki, hakim partiyanın bu təklifi təhlükəli siyasi populizmdir. Onların fikrincə, alternativ variant var. Konstitusiyada nikahın kişi və qadın arasında könüllü ittifaq olduğunu yazmaq, birgəyaşayışın digər formalarının qanunla tənzimləndiyini əlavə etmək olardı. Müxalifət deyir ki, hakim partiyanın fikrincə, bu, poliqamiyanın qanuniləşdirilməsi demək olacaq.

Gürcüstanın əsas müxalifət partiyası olan “Vahid Milli Hərəkat” Partiyasının deputatı Azər Süleymanov hesab edir ki, bu gün hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası Mixeil Saakaşvilinin yenidən xalqın tələbi ilə hakimiyyətə qayıdışından ehtiyat etdiyindən belə bir addım atır. Hakim partiya bəzi oliqarxların əlində vasitədir. Bu dəyişikliklər Gürcüstan cəmiyyətinin inteqrasiyasına, inkişafına ciddi maneədir. Ona görə də müxalifət buna imkan verməyəcək və yaxın günlərdə ölkədə etiraz aksiyaları təşkil olunacaq.

Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasından olan deputat Ruslan Hacıyev isə deyib ki, yeni dəyişikliklər cəmiyyətin daha da inkişafına, sosial institutların təkmilləşməsinə xidmət edəcək, ölkədə yeni siyasi mühit formalaşacaq.

Siyasi ekspert Ketevan Mamaladze də hesab edir ki, yeni dəyişikliklər xalqa deyil, ayrı-ayrı insanların mənafeyinə xidmət edir. Odur ki, müxalifət və bütün sağlam qüvvələr buna imkan verməməlidir.

Hüquqşünas Giorgi Qotsiridze də dəyişikliklərin əleyhinə olduğunu bildirib. Onun fikrincə, indiki iqtidar demokartiya pərdəsi altında öz istədiyi hakimiyyəti qurmağa çalışır. Bu, yolverilməzdir.

Əksər ekspertlər konstitusiyaya dəyişikliklərin ümumxalq müzakirəsinin də əhəmiyyətsiz olacağını bildiriblər. Onların fikrincə, bu gün Gürcüstanda hansısa proqram, platforma və yeni baxışlara deyil, şəxsiyyətə səs verirlər.

Qeyd edək ki, konstitusiyaya təklif olunan dəyişikliklər parlamentdə 109 səslə müzakirəyə qəbul olunub. Hazırda imzalar toplanır və yaxın vaxtlarda yeni layihə ümumxalq müzakirəsinə çıxarılacaq.

Müxalifət isə iqtidarın bu planını pozmaq üçün yeni proqramlar hazırlayır.

Son xəbərlər

Orphus sistemi