Yuxarı

Gürcüstan müxalifəti “Rustavi 2”nin müdafiəsinə qalxıb

​Gürcüstan müxalifəti “Rustavi 2”nin müdafiəsinə qalxıb

Gürcüstanın müxalifət partiyaları “Rustavi 2” televiziya kanalına sahibliyin biznesmen Kibar Xalvaşiyə verilməsinə etiraz edir.

“Report”un yerli bürosu xəbər verir ki, müxalifət liderləri keçirdikləri brifinqdə bu qərara görə Gürcüstan hökumətini sərt tənqid ediblər.

Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze bildirib ki, hökumət ölkədə söz azadlığını boğmaq üçün əlindən gələni edir: “Biz vətəndaş cəmiyyəti, müxalif düşərgə, ekspertlər və QHT-lərdən dəstək istəyirik. Hökumət isteriya içində sürətli şəkildə “Rustavi 2”ni Kibar Xalvaşiyə verdi. “Rustavi 2” yalnız proqramlar demək deyil. Bu kanal ideologiya və dəyərdir”.

Avropalı Gürcüstan Partiyasının üzvü İrma Nadiraşvili hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin “Rustavi 2”ni işğal etdiyini deyib: “Rustavi 2”nin əməkdaşları narahat olmasınlar, hər şey yaxşı olacaq və siz azad olunacaqsınız”.

Qeyd edək ki, ötən gün Avropa İnsan Hüquqları Məhkəməsi müxalif “Rustavi 2”nin iddialarını təmin etmədikdən sonra Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Reyestri biznesmen Kibar Xalvaşini televiziya kanalının sahibi kimi qeydiyyata alıb. “Rustavi 2 yayım şirkəti” MMC-nin toplantısında qəbul olunan qərara əsasən, Nika Qvaramia kanalın baş direktoru vəzifəsindən azad olunub, onun yerina Paat Salia təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi