Yuxarı

Gürcüstan hökuməti ölkə iqtisadiyyatının inkişafı ilə bağlı proqnozu yenidən nəzərdən keçirəcək

Baş nazirin sözlərinə görə, larinin ucuzlaşması vətəndaşların iqtisadi vəziyyətinə mənfi təsir göstərib

Bakı. 23 fevral. REPORT.AZ/ Gürcüstan hökuməti ölkə iqtisadiyyatının inkişafı ilə bağlı əvvəl verdiyi 5%-lik proqnozu yenidən nəzərdən keçirmək və iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar xərclərin azaldılmasına nail olmaq niyyətindədir. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili  bildirib. 

Fevralın əvvəllərində Qaribaşvili bəyan edib ki, hökumət 2015-ci ildə əhəmiyyətli iqtisadi artımın olacağını proqnozlaşdırır. Gürcüstan hökuməti 5%-lik iqtisadi inkişafın olacağını deyib. Gürcüstan Milli Bankının prezidenti Georgi Kadaqidze yanvarın sonlarında milli valyutanın (larinin) dəyərdən düşməsi səbəbindən bu proqnozu şübhə altına alıb. 

"Biz iqtisadi artım göstəricisini yenidən nəzərdən keçirmək niyyətindəyik. Məsələn, Azərbaycan elan edib ki, iqtisadi artım 1,5%, Ermənistan və Moldova - 0%, Avropa artımın 1%, maksimum 2% təşkil edəcək. Biz də bu baxımdan istisna deyilik. Əvvəlcədən 5%-lik artım nəzərdə tutmuşduq, lakin hazırkı vəziyyətdə biz bu məsələni yenidən müzakirə etməliyik", - baş nazir qeyd edib. 

Baş nazirin sözlərinə görə, larinin ucuzlaşması vətəndaşların iqtisadi vəziyyətinə və şirkətlərin maliyyə göstəricilərinə mənfi təsir göstərib". "Biz, həmçinin inzibati xərcləri də azaltmalı olacağıq. Büdcəmizi maksimal məqsədyönlü və səmərəli xərcləmək üçün hər bir şeyi yenidən nəzərdən keçirməliyik", - o bildirib.

Larinin dollara qarşı məzənnəsi ötən ilin noyabr ayından sürətlə aşağı düşməyə başlayıb, son bir neçə gün ərzində isə larinin məzənnəsi 20% azalıb. Gürcüstan Milli Bankı fevralın 21-nə larinin dollara qarşı məzənnəsini 2,1771 GEL/$1 səviyyəsində müəyyən edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi