Yuxarı
    Bağlamaq

    Ermənistanın dini liderlərinin İsveçrə banklarındakı hesablarında böyük məbləğdə pullar var

    Bütün ermənilərin Ali Patriarxı və Katolikosu II Qareginin hesabında 2006-2007-ci illərdə 1 milyon dollardan çox vəsait olub

    Bakı. 15 fevral. REPORT.AZ/ Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (ICIJ) İsveçrənin HSBC bankında hesab açmış Ermənistandan olan müştərilərin siyahısını dərc edib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, araşdırmalar "SwissLeaks" tərəfindən aparılıb.

    Araşdırmanın nəticələrinə görə, Ermənistanla bağlı 10 müştəri (onlardan 4-ü erməni pasportuna/vətəndaşlığına malikdir) 1989-2006-cı illərdə 23 bank hesabı vasitəsilə 21 müştəri hesabı açıb. Ermənistandan olan müştəriylə bağlı maksimum pul məbləği 5,8 milyon ABŞ dolları təşkil edib.

    21 müştəri hesabından 17-si fərdi şəxslər, 2-si offşor şirkətlər tərəfindən açılıb, 2-si isə "nömrəli" hesabdır. Bu 10 müştərinin 2006-2007-ci illərdə bankda 15,4 milyon ABŞ dolları saxladığı qeyd olunur.

    Bu 10 müştəri arasına bütün ermənilərin Ali Patriarxı və Katolikosu II Qaregin də daxildir. 2006-2007-ci illərdə onun hesabında 1 074 926 dollar vəsait olub.

    Erməni Apostol Kilsəsi olan Eçmiadzindən bildirilib ki, hesab kilsənin maraqları və xeyriyyə üçün katalikosun sələfi tərəfindən açılıb və onun ölümündən sonra eyni məqsədlər üçün II Qareginin adına keçirilib.

    İsveçrə banklarında hesabları olanlar arasında Ermənistan Milli Elmlər Akademiyasının prezidenti Radik Martirosyan, 2006-2007-ci illərdə hesabında 3 960 278 ABŞ dolları olan arxiyepiskop Şaqe Acemyan, Erməni Apostol Kilsəsi Fransadakı yeparxiyasının şura üzvü, katalikos II Qaregin və arxiyepiskop Şaqe Acemyanla sıx münasibətləri olan Serj Bedoyan da var.

    Bedoyan hər il Fransadakı erməni universitetlərdə təhsil alan tələbələr üçün Ermənistana turlar təşkil edir. 2014-cü ildə Ermənistan prezidenti Serj Sarqsyan Ermənistan və diaspor arasındakı əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə onu Movses Xorenatsi medalı ilə təltif edib. Məlumata görə, 2006-2007-ci illərdə S.Bedoyannın altı müştəri hesabında ümumilikdə 5 818 919 ABŞ dolları məbləğində pul vəsaiti olub.

    Qeyd edək ki, bu məlumatlar HSBC bankının sabiq əməkdaşı Erve Falçiani tərəfindən yayılıb. E.Falçiani bütün bu məlumatları Fransa vergi orqanlarına verərək onların vergidən yayınmaq üzrə araşdırmaya başlamasına səbəbkar olub. Sonradan sənədlər Fransanın "Le Monde" qəzeti vasitəsilə Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumuna çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi