Yuxarı

​Ermənistanın baş nazirindən etiraf: "Ordumuzun döyüş qabiliyyəti yetərli deyil"

Ovik Abraamyan: Məncə, yox desəm, ümumi rəyi ifadə etmiş olaram

Bakı. 12 may. REPORT.AZ/ "Dördgünlük döyüşlər bizi fəaliyyətimizə nəzər yetirməyə vadar edir. İnkişaf edirikmi? Korrupsiyaya qarşı mübarizə aparırıqmı? Ordumuzun döyüş qabiliyyəti yetərlidirmi? Məncə, "yox" desəm, ümumi rəyi ifadə etmiş olaram".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Ovik Abraamyan mayın 12-də hökumətin iclasında bildirib.

Baş nazir deyib ki, mayın 14-dən etibarən bu kimi məsələləri həftəlik müzakirə edəcəklər.

O.Abraamyan üç istiqamətdə hökumətin fəaliyyətini gücləndirəcəklərini vurğulayıb: "Büdcəmiz təsdiqlənib. Daha qənaətçil iqtisadi rejimə keçməliyik. Dövlət idarələrinin xərclərini ixtisar etməliyik. Nümayəndəliklərin xərclərini, təmirlərə ayrılan maliyyə vəsaitini, xidməti avtomobillərin sayını azaltmalıyıq.

İkincisi, dövlət idarələrinin administrasiyalarını sıxlaşdırmalıyıq. Söhbət yalnız nazirliklərdəki əməkdaşların sayının ixtisar edilməsindən getmir. Dövlət və qeyri-dövlət qurumlarında proqramların sayını ixtisar etməliyik".

Baş nazir üçüncü istiqamət kimi korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin vacib olduğunu vurğulayıb.

O, ölkədə monopoliyanın da olduğunu xüsusilə qeyd edərək, iqtisadiyyat nazirinə uyğun göstəriş verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi