​Ermənistandakı rusiyalı əsgər ittihamları qəbul edib

​Ermənistandakı rusiyalı əsgər ittihamları qəbul edib İttihama görə, əsgər bu cinayəti bilərəkdən, soyğun məqsədi ilə törədib
Region
12 Avqust , 2015 12:52
​Ermənistandakı rusiyalı əsgər ittihamları qəbul edib

Bakı. 12 avqust . REPORT.AZ/ Rusiyanın Ermənistandakı hərbi bazasının müddətli əsgəri Valeri Permyakov 5-ci hərbi qarnizonun səyyar məhkəməsində ona qarşı irəli sürülən hərbi hissəni özbaşına tərk etməsi və qanunsuz silah-sursat gəzdirməsi kimi ittihamlar üzrə günahını etiraf edib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

İttihama əsasən, 2015-ci il yanvarın 12-də saat 2 radələrində Valeri Permyakov qarovulda olarkən hərbi bazanın ərazisini tərk edərək, özü ilə avtomat silahı, süngü və 60 güllə götürüb: "Əsgər bu cinayəti bilərəkdən, soyğun məqsədi ilə törədib. O, Avetisyan ailəsini saat 6 radələrində qətlə yetirib. V.Permyakov qətlə yetirdiklərinin evindən pul və əşya oğurlayıb".

Prokurorun elan etdiyi ittihama görə, əsgər saat 2-dən 6-dək silah-sursatla birlikdə qeyri-qanuni hərbi hissədən kənarda olub.

O, məhkəmədə ittihamların hamısını qəbul edərək, bildirib ki, istintaqa verdiyi ifadələri təsdiqləyir. Bununla belə rusiyalı hərbçi məhkəmədə sualları cavablandırmaqdan və ifadə verməkdən imtina edib.

Qeyd edək ki, bu gün Rusiyanın Gümrüdəki 102 saylı bazasının müddətli əsgəri Valeri Permyakovun həmin hərbi hissənin ərazisində mühakiməsi başlayıb.

Ona qarşı silahı götürüb hərbi hissədən qaçma-fərarilik, oğurluq və qanunsuz odlu silah-sursat daşımaq maddələri əsasında ittiham irəli sürülüb.

Xatırladaq ki, Valeri Permyakov bu il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünün qətlində şübhəli bilinir və bu fakt üzrə Ermənistanın İstintaq Komitəsi ayrıca cinayət işi açıb. Həmin işə Ermənistan Məhkəməsində baxılacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi