Bakı. 18 mart. REPORT.AZ/ Martın 17-də İrəvanda öz işinə başlayan "Evronest" Parlament Assambleyası (PA) "Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü haqqında" qərar qəbul edib.
"Report" erməni mətbuatına istinadən xəbər verir ki, PA-nın həmsədri, Ukrayna nümayəndə heyətinin üzvü Boris Tarasyuk tərəfindən təqdim olunan qətnamə 38 səs lehinə, 9 əleyhinə və iki deputat bitərəf olmaqla qəbul edilib.
"Rusiya Ukraynaya qarşı müharibə aparır, nəticədə Donbassda insanlar ölür və əziyyət çəkir. Milyon yarımdan çox insan silahlı münaqişə nəticəsində məcburi köçkün, bir neçə yüz min insan qaçqın düşüb. Krım işğal olunub və qanunsuz olaraq Rusiyaya birləşdirilib", - deyə Tarasyuk qeyd edib.
"Evronest" Parlament Assambleyasına Avropa Parlamentinin deputatları, həmçinin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına daxil olan altı ölkə parlamentinin üzvləri daxildir (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna).
Azərbaycan parlamentinin üzvləri hazırki tədbirdə iştirakdan imtina ediblər.