Yuxarı

​Ermənistanda "Nairit" zavodunun keçmiş fəhlələri oturaq etiraz aksiyası keçirəcək

Onlar ödənilməyən əmək haqlarının qısa müddətdə verilməsini tələb edəcək

Bakı. 15 iyul. REPORT.AZ/ İyulun 16-da "Nairit" zavodunun keçmiş fəhlələri Ermənistanın hökumət binasının qarşısında müddətsiz oturaq etiraz aksiyası keçirəcək.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Keçmiş işçilər ödənilməyən əmək haqlarının iyulun 24-dək verilməsini tələb edəcək.

Xatırladaq ki, bu ilin əvvəlindən "Nairit" zavodunun işçiləri Ermənistan prezidentinin iqamətgahı qarşısına daxil olmaqla Yerevanda bir neçə dəfə etiraz aksiyası keçirib.

Onlar ödənilməyən əmək haqlarının verilməsini tələb edib. Xəbərə əsasən, işçilərə ödənilməli olan 18 aylıq əmək haqqı borcu 15 milyon dollara yaxındır.

Bu zavod Ermənistanın strateji müəssisələrindən sayılır. Zavodun sahibi "Rhiniville Property Limited" şirkətidir. "Nairit" xloropren kauçuk istehsal edir.

2014-cü ilin əvvəlində Ermənistan hökuməti zavodu qoruyub saxlamaq üçün Rusiyanın “Rosneft” şirkəti ilə danışıqlar aparıldığını bəyan etmişdi. Ancaq 2014-cü ilin sentyabrında Ermənistanın energetika naziri “Rosneft”in zavoda sərmayə qoymaq planlarından xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, bu zavodun işçiləri 2012-ci ildən mütəmadi etiraz aksiyaları keçirir. Keçmişdə böyük tələbatı olan xloropren kauçuku istehsal edən zavod son illər ciddi problemlərlə üzləşib. Zavodun sahibkarları bir neçə dəfə dəyişib.

Hazırda "Rhiniville Property Limited" şirkətinə məxsus olan zavod istehsal etdiyi məhsula tələbat azaldığından 2008-ci ildən istehsalatı dayandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi