Yuxarı

​Ermənistanda itkin düşmüş əsgərin anası pensiyadan məhrum edilib

Ondan oğlunun hansı şəraitdə öldüyünə dair arayış tələb olunur

Bakı. 29 aprel. REPORT.AZ/ Ermənistanda itkin düşmüş əsgərin anası pensiyadan məhrum edilib.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, Abovyan şəhər sakini Svetlana Sarqsyan 1 noyabr 2001-ci il tarixindən ailəyə baxan oğlunu itirdiyinə görə pensiya almağa başlayıb. Onun oğlu Robert Mxitaryan Qarabağ müharibəsi illərində itkin düşmüş hesab olunur.

Lakin 2014-cü ildən pensiya verilişi dayandırılıb. Sarqsyan pensiya almaq hüququnu bərpa etmək və ödənilməyən məbləği almaq üçün İnzibati məhkəməyə müraciət edib.

"Malxasyan tərəfindən (Müdafiə Nazirliyi yanında Hərbçilərin sosial təminatı şöbəsinin rəisi) oğlumun itkin düşməsinə dair verilən arayışın saxta olduğunu müəyyənləşdirmək üçün cinayət işi açıldı. Sonra cinayət işi bağlandı, sübuta yetirildi ki, arayış həqiqidir. Lakin pensiyanı yenə də vermədilər", – deyə əsgər anası bildirib.

Sarqsyan 2015-ci ildə pensiya almaq hüququnu bərpa etmək üçün müdafiə naziri Seyran Ohanyana müraciət edib. Cavab məktubunda ona bildirilib ki, Əmək və Sosial Məsələlər Nazirliyinə müraciət etmək lazımdır, çünki artıq bu kimi ödənişlərlə o qurum məşğul olur. Müdafiə idarəsi bununla yanaşı qeyd edib ki, Sarqsyanın pensiya almaq hüququ yoxdur.

Eyni zamanda məhkəmə zamanı Müdafiə Nazirliyinin nümayəndəsi Manik Santrosyan (şəkildə soldakı qadın) pensiyanı arayışın saxta olması səbəbindən deyil, işin içində başqa bir mühüm sənədin olmaması səbəbindən kəsdiklərini bildirib.

"Pensiyanın ödənilməsi əvvəldən səhv olub. O, mənə məlum olmayan səbəblərdən verilib, lakin 2014-cü ildə Sarqsyanın oğlunun işi tədqiq edildikdən sonra məlum olub ki, onların arasında pensiyanın hansı əsasla verilməsinə dair arayış yoxdur. Ola bilsin ki, hansısa arayış olub, lakin sonradan yoxa çıxıb, bizə məlum deyil. Bu isə hərbi hissə komandanlığı tərəfindən insanın öldüyü yer və zaman barədə verilən arayışdır", - deyə Manik Santrosyan bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi