Ermənistanda etiraz aksiyaları davam edir

Ermənistanda etiraz aksiyaları davam edir Etirazçılar daha iki gecə Respublika meydanında qalacaqlar
Region
28 İyul , 2015 21:19
Ermənistanda etiraz aksiyaları davam edir

Bakı. 28 iyul. REPORT.AZ/ Ermənistan paytaxtında elektrik enerjisi tariflərinin artırılmasına qarşı oturaq piketlər keçirən “Ayağa dur, Ermənistan” adlı təşəbbüs qrupu bu axşam da “itaətsizlik aksiyasını” keçirməyə hazırlaşır.

Bu barədə BBC-yə məlumat verən təşəbbüs fəalı Andrias Qukasyanın sözlərinə görə, məqsəd əhalini avqustun 1-dən qüvvəyə minəcək yeni tariflərin ləğv edilməsi uğrunda daha fəal mübarizəyə cəlb etməkdir. Bir qrup fəalları ötən gecəni Respublika meydanında keçiriblər.

Qukasyan fəalların daha iki gecə Respublika meydanında qalacağını, cümə axşamı isə baş nazirin iqamətgahı önündə toplaşacaqlarını deyib.

“Hökumət elektrik enerjisi tariflərinin artan 16,7 faizini qeyri-büdcə vəsaitlərindən ödəniləcəyini bəyan edib. Biz cümə günü nazirlər kabinetinin növbəti yığıncağında bu məsələnin necə həll olunacağı barədə məlumat gözləyirik. Ondan sonra gələcək hərəkətlərimizi müəyyənləşdirəcəyik”, - deyə Qukasyan əlavə edib.

Etirazçılar tariflərin artan hissəsinin “vətəndaşlardan tutulan vergilər hesabına formalaşan dövlət büdcəsindən” ödənilməsinə qarşıdır.

İctimai Xidmətlərin Nizamlanması üzrə Komissiyanın 17 iyun tarixli qərarına əsasən, Ermənistanda məişətdə istifadə olunan elektrik enerjisinin tarifləri avqustun 1-dən təxminən 16,7 % artacaq və istifadə edilən 1 kilovat elektrik enerjisinin qiyməti gündüz saatlarında 48,78 dram (təxminən 10,3 cent), gecə saatları üçün – 38,78 dram olacaq.

Bu qərar Ermənistanda kütləvi etiraz aksiyalarına səbəb olub.

İyunun 19-dan “Talana yox!” vətəndaş hərəkatının Azadlıq meydanında başladığı oturaq tətil iştirakçılarının iki gündən sonra prezident iqamətgahı istiqamətində yürüşü polis tərəfindən Marşal Bağramyan prospektinin başlanğıcında saxlanılıb.

İyunun 23-də polis su şırnaqları ilə dinc nümayişi dağıtdıqdan sonra aksiyalar daha miqyaslı xarakter alıb və bundan sonra iki həftə davam etmiş və Marşal Bağramyan prospektində nəqliyyat hərəkəti bağlanmışdı.

Son xəbərlər

Orphus sistemi