Bakı. 3 iyul. REPORT.AZ/ Ermənistanın Xüsusi İstintaq Xidməti iyunun 23-də dinc aksiya iştirakçılarına və peşə fəaliyyətini yerinə yetirərkən jurnalistlərə qarşı zorakılıq tətbiq edildiyi üçün Cinayət Məcəlləsinin səlahiyyət həddini aşma maddəsi ilə cinayət işi açıb.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda Xüsusi İstintaq Xidməti məlumat yayıb.
Xəbərə görə, istintaq video-yazılardan əldə etdiyi məlumatlara və KİV-də yayılan materiallara əsasən cinayət işi açıb.
Xatırladaq ki, Ermənistanda iyunun 19-dan etiraz aksiyaları keçirilir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və həmin gün 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Aksiya davam edir.