Yuxarı

Ermənilərdən üzr istəyən türkiyəli jurnalist İrəvanda təzyiqlə üzləşib

Camal Paşanın nəvəsi ermənilərin təzyiqi ilə üzləşib

Bakı. 6 yanvar. REPORT.AZ/ Türkiyəli yazar-jurnalist Həsən Camal 1915-ci il hadisələri ilə bağlı yazdığı kitabı təqdim və ermənilərlə söhbət etmək üçün Ermənistana səfər edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Iğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal açıqlama verib

"Hər zaman ermənilərdən dost olmayacağını söyləyirik. Həsən Camal Ermənistana səfəri zamanı təzyiqlərə məruz qalıb. O, orada nə edəcəyini və deyəcəyini bilməyib. Erməni tələbələrin "Türkiyə bizə təzminat verməlidir" demələrinin qarşılığında o, "Mən Türkiyə Cümhuriyyətini təmsil etmirəm " - deməklə təzyiqləri azaltmağa çalışıb. Bunun ardınca o, deyib: "Mən ermənilərdən üzr istəyirəm"".

Dərnək sədri bildirib ki, onlar ermənilərdən üzr istəmirlər: "Üzr istəyəcək bir millət varsa, o da ermənilərdir. Onlar 1918-20-ci illərdə Anadoluda, Azərbaycanda, İrəvanda, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində dünyanın gözü qarşısında etdikləri vəhşiliklərə, soyqırıma görə üzr istəməlidirlər. Həsən Camalı isə Ermənistanda etdiyi çıxışa görə qınayırıq".

Məlumata əsasən, ermənilərin saytı Həsən Camalın İrəvana səfəri ilə bağlı yaydığı xəbərdə bildirib ki, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsi dekanının müavini Ruben Melkonyan toplantı iştirakçılarına türkiyəli jurnalistin "alqışlanmağa deyil, suallara cavab verməyə gəldiyini" söyləyib.

Həsən Camal çıxışında yuxarıda qeyd etdiklərimizlə yanaşı, bunları da söyləyib: "Bu gün mən yazıçı olaraq, danışıram. Mən Türkiyə Cümhuriyyəti olsaydım, o zaman ermənilərdən üzr istəyər, dərslik kitablarını yenidən yazardım. İstəyənlərin hamısına Türkiyə vətəndaşlığı verər, sonra təzminat məsələsini oturub müzakirə edərdim".

Məlumata əsasən, Həsən Camal 1915-ci il hadisələri zamanı öz dövlətinin mənafeyini qoruyanlardan birinin, Camal Paşanın nəvəsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi