Yuxarı
    Bağlamaq

    ​Ermənistan Göyçə gölündən Urmiya hövzəsinin xilası üçün istifadə edilməsinə yol verilməyəcəyini açıqlayıb

    İran parlamentinin üzvü Urmiyaya Sevan gölü və Kür çayının Gürcüstan ərazisindən kanalla su axıdılacağını bildirmişdi

    Bakı. 12 avqust. REPORT.AZ/ Göyçə (Sevan) gölündən İranın Qərbi Azərbaycan əyalətində yerləşən Urmiya gölünün qurumasının qarşısının alınması üçün su verilməyəcək.

    "Report" "Newsarmenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin mətbuat xidməti bildirib.

    Məlumata görə, bu xəbər yayılan gün nazirlik onu təkzib edib.

    Göyçə gölü dəniz səviyyəsindən 1914 metr yüksəklikdə yerləşir. Ermənistanın içməli su ilə təmin edilməsində əsas rol oynayır.

    Qeyd edək ki, avqustun 10-da İran parlamentinin üzvü Urmiyaya Sevan gölü və Kür çayının Gürcüstan ərazisindən kanalla su axıdılacağını bildirmişdi.

    İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Məsumə Ebtekar da ötən gün Urmiya gölünün qurumasının ciddi fəsadlar tördəcəyini vurğulayıb: "Urmiya gölü tamamilə quruyarsa, bölgədə kənd təsərrüfatı da məhv ola bilər".

    Qərbi Azərbaycan əyalətində yerləşən Urmiya gölü isə 1998-ci ildən sürətlə qurumağa başlayıb. Hazırda bu su hövzəsinin 70 faizi quruyub.

    "Nidaye-Urmiya" saytının Urmiya gölünün son vəziyyəti ilə bağlı çəkdiyi fotoları da diqqətinizə çatdırırıq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi