Yuxarı

Ermənistan prezidenti polis binasının ələ keçirilməsindən 5 gün sonra məsələni şərh edib

Serj Sarqsyan polis binasını ələ keçirənləri silahı yeri qoyub təslim olmağa çağırıb

Bakı. 22 iyul. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan Yerevanda polis bölməsini ələ keçirən şəxsləri silahı yeri qoyub təslim olmağa və girov götürdükləri şəxsləri azadlığa buraxmağa çağırıb.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Qeyd edək ki, polis binasının bir qrup silahlı şəxs tərəfindən ələ keçirilməsindən 5 gün ötsə də, S.Sarqsyan bu məsələyə ilk dəfə şərh verib.

"Hadisələrin sonrakı inkişafı Ermənistan Konstitusiyasına və qanunlarına ciddi şəkildə riayət edilməklə olacaq. Şəxsi qisasla bağlı bütün cəhdlər qanunun gücü ilə dayandırılacaq", - prezidentin mətbuat xidməti S.Sarqsyanın sözlərini çatdırıb.

"Ölkəmiz indi çətin və mühüm günlərini yaşayır. Bunun səbəbləri barədə indi danışmayacağam. Vaxtı deyil. Yalnız onu deyə bilərəm ki, hamımız bundan dərs çıxarmalıyıq", - deyə Ermənistan prezidenti bildirib. Onun sözlərinə görə, Yerevandakı vəziyyəti sülh yolu ilə həll etmək üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır.

Xatırladaq ki, daha əvvəl "Aykakan jamanak" qəzeti öz mənbələrinə istinadən Ermənistan hakimiyyətinin yaranmış vəziyyətdən çıxış yolu kimi bu günlərdə Nazir Kabinetinin istefası ehtimalını müzakirə etdiyini məlumat vermişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi