Yuxarı

​Ermənilər "Zəngəzur mis-molibden kombinatı"nın fəaliyyətindən şikayət edir

Çapni kəndinin başçısı: Əvvəllər burada albalı əkərdik, indi bu mümkün deyil

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Zəngəzur mis-molibden kombinatı"nın özəlləşdirdiyi 60 hektar örüşün pulu 4 ildir sahiblərinə ödənilməyib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Sünik vilayətinin Çapni kəndinin administrasiyasının başçısı Norayr Tumanyan bildirib.

O deyib ki, son dəfə 8-9 ay öncə kombinatın direktoruna məsələ ilə bağlı məktub yazıb: "Onlar cavab verib ki, noyabrda ödəniş edəcəklər".

N.Tumanyanın sözlərinə görə, Ermənistanın baş naziri Tiqran Sarkisyanın imzaladığı qərar sakinlərin əlindədir: "Onlar noyabrı gözləyirlər".

Kənd administrasiyasının başçısı qeyd edib ki, kombinatın 5 illik fəaliyyəti göz qabağındadır: "Burada ekoloji araşdırma aparmağa ehtiyac da yoxdur. Kombinatda fəhlə işləmir. Əraziyə borularla kombinatdan zəhərli tullantılar axıdırlar. Sakinlər əziyyət çəkir. Pis iy gəlir. Bütün bunlar səhhətimizə pis təsir göstərir. Bizdə qan təzyiqi normadan artıqdır. İşləmək mümkün deyil. Əvvəllər burada albalı əkərdik. İndi bu mümkün deyil. Hər tərəf tullantının tozuna bulaşıb. Uşaqlar toz basan xiyarı dərir, onu yumadan yeyirlər. Biz onların hamısına nəzarət edə bilmərik".

O bildirib ki, Çapnidə 40 ailə yaşayır: "Vəziyyət belə davam edərsə, onlar da çıxıb gedəcəklər".

Xatırladaq ki, Azərbaycan və İran tərəfi də bu kombinatdan Araz çayına zəhərli maddələrin axıdıldığı barədə beynəlxalq qurumalara dəfələrlə şikayət edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi