Yuxarı

​Ərdoğan: "Türkiyə ölkədə və ondan kənarda terrorla mübarizəni davam etdirəcək"

Türkiyə prezidentinin sözlərinə görə, qurbanlar səbr kasamızı daşdırır

Bakı. 18 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada törədilən terror aktından sonra bildirib ki, dövlət terrorçuluqla həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda mübarizəni davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü prezidentin NTV telekanalının efirində oxunan yazılı bəyanatında bildirilir.

"Biz Ankaradakı rəzil terror aktını hiddətlə pisləyirik. Biz yolumuzdan dönməyəcəyik, terrorçuluqla mübarizəni həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda davam etdirəcəyik. Bunu edənlərin heç bir mənəvi və ya humanist prinsipləri yoxdur. Verdiyimiz qurbanlar səbr kasamızı daşdırır", — deyə o qeyd edib.

Fevralın 17-də Ankarada hərbçilərin yataqxanası yaxınlığında avtomobilin partladılması nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana planlaşdırılan səfəri də təxirə salınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi