Yuxarı
    Bağlamaq

    Ərdoğan: "İŞİD, "əl-Qaidə", "Boko Haram" yanlış siyasətlərin nəticəsi olaraq ortaya çıxıblar"

    Türkiyədə 30 ildir 50 minə yaxın insanın ölümünə səbəb olan PKK terroru dünyadan lazım olan reaksiyanı almır

    Bakı. 28 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu ölkədə rəsmi səfərdə olan Roma Papası I Fransisk arasında görüş keçirilib. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ankaradakı Prezident Sarayında baş tutan görüşdən sonra hər iki lider mətbuata birgə bəyanatlarla çıxış ediblər.  

    R.T.Ərdoğan bildirib ki, Roma Papası ilə keçirdiyi görüşdə müzakirə olunan məsələlərdə demək olar fərqli düşündükləri hansısa mövzu olmayıb: "Dünyada baş verən hadisələrlə bağlı mövqeyimiz demək olar eynidir. Terrorla mübarizə, radikalizm və s. məsələlərdə mövqeyimiz üst-üstə düşür. Təəssüf ki, Qərbdə irqçilik, ayrı-seçkilik və İslamofobiya son dərəcə kəskin hal alıb. Qərb ölkələrində yaşayan müsəlmanlara qarşı qərəzin və dözümsüzlüyün getdikcə artdığını görürük. Roma Papasının Türkiyəyə səfərinə həqiqətən çox böyük əhəmiyyət verirəm. Bölgəmizdə və dünyada sülh ümidlərini artıracaq mühüm addım olduğuna inanıram. Bu gün Türkiyədən verilən mesajlar təkcə Türkiyəyə, sadəcə Vatikana deyil, bütün İslam coğrafiyasına, bütün xristian coğrafiyasına çatacaq və oralarda da sülh ümidini artıracaq. Bu səfəriniz heç şübhəsiz İslam dünyası üzərində son dərəcə müsbət bir iz qoyacaq".

    Türkiyə prezidenti deyib ki, İŞİD, "əl-Qaidə",  Boko Haram kimi terror təşkilatları uzun illərdir davam edən yanlış siyasətlərin nəticəsi olaraq ortaya çıxıblar: "Tənhalığa çəkilən, ayrı-seçkiliyə, daima ikili standartlara, ədalətsizliyə məruz qalan, yoxsulluqla üzləşən insanlar bu terror təşkilatlarının istismarına çevrilirlər. İŞİD terror təşkilatı hazırda bütün dünyada tanınır, haqqında hər gün danışılır. Hər gün bu problemin həlli üçün yollar axtarılır və ya tədbirlər görülür, ancaq Suriyada 300 min günahsız insanı öldürən, 7 milyon insanın ölkəsində və ya ölkəsindən xaricdə mühacirətdə yaşamasına laqeyd yanaşılır. Burada bir dövlət terroru var, fərdi terrorlar var, bunu bilirik, amma Suriyada da bir dövlət terroru var. Orada dövlət terrorunu törədən bir adam var".

    R.T.Ərdoğan vurğulayıb ki, Qəzzaya tətbiq olunan, məsum uşaqların, günahsız qadınların ölümünə yol açan dövlət terroruna dünya laqeyd yanaşır: "Qüdsdə müsəlmanların ən müqəddəs məkanlarından biri olan Əqsa məscidinə hücumlara mütəmadi şəkildə göz yumulurr. Orada müxtəlif dini konfessiyaların müqəddəslərinə və azadlıqlarına yönəlik də məhdudiyyətlər həyata keçirilir. Ancaq beynəlxalq ictimaiyyət buna da laqeyd qalır. Türkiyədə 30 ildir 50 minə yaxın insanın ölümünə səbəb olan PKK terroru dünyadan lazım olan reaksiyanı almır". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi