Bakı. 9 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Amnesty International"ı ölkədə yeni dövlət çevrilişi hazırlamaqda ittiham edib.
"Report" xəbər verir ki, bunu o, G20-nin sammitində deyib.
Ərdoğan ittihamını Türkiyə kəşfiyyatının təqdim etdiyi məlumatlarla əsaslandırıb.
Hamburq sammitinin yekunlarına dair mətbuat konfransında Ərdoğandan hüquq-müdafiə təşkilatı fəallarının nə üçün saxlanıldıqları soruşulub.
Siyasətçi izah edib ki, hazırkı mərhələdə bəzi hüquq müdafiəçilərinin Böyükada adasındakı otelə "çevriliş cəhdinin hansısa bir davamını müzakirə etmək" üçün toplaşıb-toplaşmadıqları müəyyən edilir.
Türkiyə lideri, həmçinin qeyd edib ki, hazırda AI fəallarının işi məhkəmədədir və o, araşdırmalar nəticəsində nəyin ortaya çıxacağını bilmir.