Ekspert: Rusiyaya çox böyük təzyiq göstərilir

Ekspert: Rusiyaya çox böyük təzyiq göstərilir Nadana Fridrixson: "Rusiya iqtisadiyyatının sarsıldığı artıq bu gün görünməkdədir"
Region
12 Dekabr , 2014 18:20
Ekspert: Rusiyaya çox böyük təzyiq göstərilir

Bakı. 12 dekabr. REPORT.AZ/ "Dünyada neftin ucuzlaşması iqtisadiyyatının əsasən xammal sektorunun üzərində qurulduğu ölkələrə güclü təsir göstərə bilər". Bunu "Report"a müsahibəsində rusiyalı ekspert, Avrasiya İqtisadi Əməkdaşlıq İnstitutunun siyasi analitiki Nadana Fridrixson bildirib.

"Təbii ki, Qərb Rusiyanın apardığı siyasətdən, xüsusilə də Ukrayna ilə bağlı kursdan məmnun deyil. Lakin neftin qiymətinin azalmasını Qərbin yalnız Moskvaya təzyiq göstərməsi üçün atılan addım olduğunu hesab etmək İran kimi düşünmək deməkdir. İran prezidenti neftin ucuzlaşmasını müsəlmanlara qarşı yönəlmiş qəsd kimi qiymətləndirib", - ekspert deyib.

N.Fridrixson xüsusilə Səudiyyə Ərəbistanın rolunu qeyd edərək vurğulayıb ki, məhz səudiyəlilər neft hasilatını artırmağa çalışırlar, bununla da qiymətin azalmasına səbəb olurlar: "Nəyə görə? Bu sualı səudiyəlilər və amerikalılar arasında siyasi kuluara aid etmək lazımdır".

Onun sözlərinə görə, hazırkı vəziyyət Rusiya üçün ciddi təhlükədir: "Rusiya iqtisadiyyatının sarsıldığı artıq bu gün görünməkdədir: məhsulların qiyməti artır, əhalinin həyat səviyyəsi azalır. Ancaq əhali arasında vətənpərvərlik ruhu hələ yüksəkdir. Lakin bunun nə qədər davam edəcəyi məlum deyil".

N.Fridrixson Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatını da təhlükəli adlandırıb. Belə ki, RF XİN rəhbəri Rusiyanın Avrasiya inteqrasiyası üzrə tərəfdaşları Belarus və Qazaxıstana Rusiyanın Qərbə qarşı sanksiyalarına qoşulmağa çağırıb.

O deyib ki, Rusiya hökuməti hazırkı təhlükələrə müqavimət göstərmək üçün müxtəlif metodlardan istifadə edir.

Ekspert Rusiya və Qərb arasında razılaşma ehtimalı haqqında məsələni şərh edərkən xatırladıb ki, ABŞ bir sıra tədbirlər hazırlayıb və onları icra etdikdə Rusiya Qərbin sanksiya təzyiqindən çıxacaq: "Lakin hələ ciddi irəliləyiş yoxdur. Bu barədə informasiya kabinetlərdən kənara çıxmır".

N.Fridrixson vurğulayıb ki, hazırda Qərb və Rusiya arasında ikili vəziyyət yaranıb: nə sülh, nə də müharibə: "Lakin Rusiyaya çox böyük təzyiq göstərilir".

Ekspert 2015-ci ildə Rusiya və Qərb arasındakı münasibətlərdə böhranın həll olunacağına ümid etdiyini də söyləyib. 

Son xəbərlər

Orphus sistemi