Yuxarı

​Deputat Hamlet Arutyunyan: "Ermənistanın parlament diplomatiyası axsayır"

Mənim etirazım uğur qazanan azərbaycanlılara qarşı yönəlib

Bakı. 21 noyabr. REPORT.AZ/ "Ermənistanın parlament diplomatiyası axsayır. Bu, beynəlxalq struktur nümayəndələri ilə görüşən və ya bu qurumlarda təmsil olunan bütün nümayəndə heyətlərinə aiddir".

"Report" xəbər verir ki, bu sözləri "news.am"a müsahibəsində Ermənistanın hakim Respublika partiyasının deputatı Hamlet Arutyunyan deyib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi komissiyası tərəfindən dəstəklənən "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş torpaqlarında zorakılığın artması" adlı hesabatın mövzusuna toxunan Arutyunyan, AŞPA-dakı erməni nümayəndə heyətinin tərkibinin rotasiya qaydasında dəyişdirilməli olduğunu bildirib. Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə bu qurumda Azərbaycan tərəfindən aparılan anti-erməni siyasətinə qarşı dura biləcək təcrübəli deputatları cəlb etmək lazımdır.

Deputatın bu bəyanatı AŞPA-dakı erməni nümayəndə heyətinin üzvləri, o cümlədən Hamlet Arutyunyanla eyni partiyadan olan Ermine Naqdalyan tərəfindən ürək ağrısı ilə qarşılanıb. O, "news.am"a açıqlamasında yerini Arutyunyana verməyə hazır olduğunu bildirib.

Hamlet Arutyunyanın özü isə AŞPA-dakı erməni nümayəndə heyəti üzvlərinin reaksiyasından təəccübləndiyini bildirib.

"Onlar məndən incidilər, lakin mənim belə bir məqsədim yox idi. Çox təəssüf ki, Ermine Naqdalyan dediklərimi düzgün başa düşməyib", - deyə Arutyunyan vurğulayıb.

O, həmçinin əminliklə Ermənistanın parlament diplomatiyasının axsadığını bildirib:

"Mən parlamentin beynəlxalq strukturların nümayəndələri ilə ünsiyyətdə olan bütün nümayəndə heyətlərini nəzərdə tuturam. Qoy heç kim mənim dediklərimi ürəyinə almasın. Mənim etirazım uğur qazanan azərbaycanlılara qarşı yönəlib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi