Yuxarı

​Çexiyanın baş naziri: "Avropa İttifaqı Türkiyəyə 3 milyard avro ayıracaq"

Vəsait bu ölkədə olan qaçqınlara yardım üçün nəzərdə tutulub

Bakı. 12 noyabr. REPORT.AZ/ Avropa İttifaqına üzv ölkələrin liderləri Valettedə keçirilən qeyri-rəsmi görüş zamanı Türkiyəyə 3 milyard avro vəsaitin ayrılması barədə razılıq əldə ediblər.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Çexiyanın baş naziri Boquslav Sobotka məlumat verib.

"Bu vəsait qarşıdakı iki il ərzində ayrılacaq və bu ölkədə olan qaçqınlara yardım üçün nəzərdə tutulub", - deyə o bildirib.

Baş nazirin sözlərinə görə, bu pullar əsasən, hər şeydən əvvəl Türkiyə ərazisində olan Suriya qaçqınlarının şəraitinin yaxşılaşdırılmasına yönəldiləcək.

"Avropa Komissiyası 2016-2017-ci illərdə lazımi vəsaiti tapmağa çalışacaq, başlıca olaraq, Aİ büdcəsində. Lazım gələrsə, Aİ-nin üzv dövlətləri də, maliyyə işində iştirak edəcəklər", - deyə Sobotka bildirib.

Çexiyalı nazir, eləcə də bildirib ki, noyabrın sonunadək Avropa İttifaqı - Türkiyə sammiti keçirilməlidir. Sammitdə Aİ tərəfindən Ankaraya göstəriləcək yardımın yekun aspektləri razılaşdırılacaq.

"Türkiyə istəyərsə, miqrantlar təzyiqini (Avropa İttifaqına - qeyd. "Report") əhəmiyyətli dərəcədə zəiflətmək və ola bilsin ki, dayandırmaq iqtidarında olacaq. Qarşıdakı sammit Türkiyə və Avropa İttifaqının hansı addımları atmalı olduğunu təsdiq edəcək", - deyə Sobotka bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi