Çavuşoğlu: "Fətullah Gülənin dövlət çevrilişinə cəhddə əli olması ilə bağlı bütün faktla ABŞ-a göndərilib"

Çavuşoğlu: "Fətullah Gülənin dövlət çevrilişinə cəhddə əli olması ilə bağlı bütün faktla ABŞ-a göndərilib" Onun tərəfdarları bir müddətdir PKK terror təşkilatı ilə əlaqədədirlər
Region
5 Avqust , 2016 06:27
Çavuşoğlu: Fətullah Gülənin dövlət çevrilişinə cəhddə əli olması ilə bağlı bütün faktla ABŞ-a göndərilib

Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankarada demokratiyaya dəstək nümayişində vətəndaşlarla bir araya gələn xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Fətullah Gülənin dövlət çevrilişinə cəhddə əli olması ilə bağlı ABŞ-a bütün dəlilləri təqdim etdiklərini, axtarışda olan şəxslərin təslim edilməsi ilə bağlı iki ölkə arasında müvafiq razılaşmaların olduğunu bildirib: "Biz təbii ki, B və C planını düşünmürük. ABŞ-ın bu günə qədər istədiyi terrorçuları onlara təslim etdik. ABŞ-ın da bu terrorçunu bizə təslim etməsini gözləyirik".

Çavuşoğlu Qərb ölkələrini terrorçuluğa dəstək verməkdə ittiham edib. "Terror təşkilatlarına sahib çıxan Avropa ölkələrinə deyirik: - bunu sizə də faydası yoxdur. Bu günə qədər bizim təslim etdiyimiz terrorçuları da sərbəst buraxdınız. Onların sərbəst fəaliyyətlərinə zəmin yaratdınız, sonu nə oldu? Təəssüf ki, Avropanın bir çox yerlərində terror hücumları baş verdi" – deyə xarici işlər naziri bildirib.

Çavuşoğlu bildirib ki, Türkiyə Avropa ölkələrindən çoxlu sayda PKK terrorçusunun təslim edilməsini istəyib. O, qeyd edib ki, Türkiyədə iş adamını qətlə yetirən terrorçular Belçikada rahat şəkildə gəzə bilirlər.

"Məgər bunun Belçikaya faydası varmı? Təəssüf ki, Belçika da uzun müddətdir terror təhdidi altındadır. Terrorçu kim olursa-olsun, ona sahib çıxmaq doğru deyil. Terrorçuya yardım etmək, ona məskən vermək qoynunda ilanla yatmağa bənzəyir. O, bir gün səni də məhv edər, onu bəsləmə" – deyə Mövlud Çavuşoğlu əlavə edib.

Türkiyənin xarici işlər naziri Avropa dövlətlərini öz ölkəsinə qarşı sadiq olmağa, ikili standartlardan uzaq olmağa çağırıb. Onun sözlərinə görə, Türkiyənin Qərb dövlətlərindən gözlədiyi budur.

Çavuşoğlu dövlət çevrilişi cəhdindən sonra ölkədən qaçanların nəyin bahasına olursa-olsun, Türkiyəyə gətiriləcəyini bildirib.

"Türkiyədən qaçanların izinə düşmüşük. Onları da geri qaytaracağıq, onlardan da hesab sorulacaq. Əsgər qiyafəsi ilə Yunanıstama sığınandan adam ola bilərmi, türk ola bilərmi? Bunlar bir müddətdir PKK terror təşkilatı ilə əlaqədədirlər. Onlara dövlətin bütün sirlərini satdıqlarını, verdiklərini bilirik" – deyə nazir qeyd edib.  

Son xəbərlər

Orphus sistemi