Yuxarı

Bu gün Əhməd Davudoğlu ilə Kamal Kılıcdaroğlu arasında həlledici görüş keçiriləcək

​Avqustun 13-ü Türkiyədə koalisiya hökumətinin qurulması ilə bağlı qərar günü ola bilər

Bakı. 13 avqust. REPORT.AZ/ Bu gün Türkiyə baş nazirinin səlahiyyətlərini icra edən, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıcdaroğlu arasında koalisiya hökumətinin qurulması ilə bağlı həlledici görüş keçiriləcək. 

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

"Ankara Palace" hotelində keçiriləcək görüş, Bakı vaxtı ilə saat 16.00-da başlayacaq. 

Qeyd edək ki, koalisiya hökumətinin qurulması üçün sonuncu görüş avqustun 10-da olub. Bugünkü görüşdə isə hökumətin qurulması ilə bağlı yekun qərarın qəbul ediləcəyi gözlənilir.

Koalisiya hökumətinin qurulması müddəti isə avqustun 23-də başa çatır. Həmin tarixədək hökumət qurulmasa, o zaman növbədənkənar parlament seçkiləri keçiriləcək.

Xatırladaq ki, parlament seçkiləri bu il iyunun 7-də keçirilib. Türkiyə Böyük Millət Məclisinə 25-ci çağırışda AKP 258, CXP 132, Milliyyətçi Hərəkat Partiyası (MHP) 80, Xalqların Demokratik Partiyası (HDP) 80 millət vəkili ilə təmsil olunur. Məclis 550 deputatdan formalaşır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi