Bölgədə yeni durum: ​ABŞ İŞİD-ə qarşı Türkiyənin iki hərbi bazasından istifadə etmək istəyir

Bölgədə yeni durum: ​ABŞ İŞİD-ə qarşı Türkiyənin iki hərbi bazasından istifadə etmək istəyir Vaşinqton İŞİD-i vurmaq üçün Adanadakı İncirlik və Diyarbəkirdəki bazaların hərbi əməliyyatlar üçün açılması şərtini irəli sürüb
Region
4 İyul , 2015 12:24
Bölgədə yeni durum: ​ABŞ İŞİD-ə qarşı Türkiyənin iki hərbi bazasından istifadə etmək istəyir

Bakı. 4 iyul. REPORT.AZ/ "Türkiyə və ABŞ Suriyanın şimalında, Türkiyə-Suriya sərhədində İŞİD-lə bağlı narahatlığı bölüşür. Bu təhdidə qarşı fəaliyyətimizi birlikdə davam etdiririk. ABŞ və Türkiyənin gözləntilərini "PYD"yə (Demokratik Birlik Partiyası - Türkiyə bunu terrorçu sayır- "Report") çatdırmaqda qətiyyətliyik. Sərhədə nəzarət edən qüvvə İŞİD-ə qarşı mübarizə də aparmalıdır".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın Ankaradakı səfiri Con Bass bildirib.

Məlumata görə, ABŞ mediası Türkiyənin Suriyaya müdaxiləyə yaxın olduğunu yazıb. Türkiyə baş naziri səlahiyyətlərini icra edən Əhməd Davudoğlu bununla bağlı deyib: "Heç kim Türkiyənin sabah Suriyaya girəcəyini gözləməsin".

Küveytdəki bazalarından istifadə edərək, İŞİD-i vuran ABŞ Türkiyədən Adanadakı İncirlik və Diyarbəkirdəki bazaların hərbi əməliyyatlar üçün açılmasını istəyir və cavab gözləyir.

Türkiyə isə hazırda İŞİD-in nəzarəti altında olan Cerablusa nəzarət edəcək qüvvənin kim olacağını bilmək istəyir. ABŞ həmin bazalardan bu bölgəni İŞİD-dən təmizləmək üçün istifadə etmək niyyətindədir. Bu ərazinin İŞİD terrorçularından təmizlənməsində iştrak edəcək qüvvə ilə bağlı 3 variant səsləndirilir: "PYD", Bəşşar Əsəd hakimiyyətinə müxalif qüvvələr və Türkiyə ordusu. Sonuncu variant türk ordusunun Suriya ərazisinə daxil olub, orada lokal hərbi əməliyyatlar keçirməsini nəzərdə tutur.   

Məlumatda bildirilib ki, ABŞ Cerablusun İŞİD-in əlindən alınmasını istəyir, ancaq oranın idarə edilməsi və bölgənin kimin nəzarəti altına keçəcəyi ilə bağlı hələ də bir razılaşma yoxdur.

Bundan başqa Türkiyə türkmən və ərəblərin sayının çox olduğu bölgələrdə kürdləşdirməyə qarşı çıxır və buna sərt münasibət göstərir.

Türkiyəni narahat edən məslələrdən biri də həmin ərazilərdə yalnız "PYD"nin mövcud olması deyil, onun hara və nə qədər əraziyə nəzarət etməsidir. Türkiyə bu terrorçuların Fərat çayının qərbinə keçməsini istəmir. Başqa sözlə "PYD" Cerablusa doğru hücuma keçərsə, o zaman Türkiyə heç nəyə baxmadan ora müdaxilə edə bilər.

Məlumata görə, vəziyyət daha da gərginləşərsə, Ankara anlaşmasına əsasən, Türkiyə sərhəddən Suriyanın içinə doğru 15 km irəliləyə bilər.

Türkiyə BMT-nin uyğun qərarına əsasən, Suriyaya girmək üçün ABŞ-ı razı salmalıdır. Anlaşma olmadan Türkiyənin Suriya ərazisinə müdaxiləsi beynəlxalq hüquq baxımından çətinlik yarada bilər. 

Son xəbərlər

Orphus sistemi