Yuxarı

​BMT Ermənistandakı etiraz aksiyaları ilə bağlı çağırış edib

Ravin Şamdasani: İyunun 23-də Yerevanda baş vermiş hadisəni ətraflı və qısa müddətdə araşdırmağa çağırırıq

Bakı. 25 iyun. REPORT.AZ/ "Etirazlara cavab olaraq, Ermənistan hakimiyyətini öhdəliklərini yerinə yetirməyə, bütün tərəfləri konstruktiv danışıqlara başlamağa və zorakılıqdan çəkinməyə çağırırıq". "Report" TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının təmsilçisi Ravin Şamdasani bildirib.

O deyib ki, Ali Komissarlıq polisin aksiyaçılara, eləcə də jurnalistlərə güc tətbiqindən narahatdır. Ravin Şamdasani hakimiyyəti iyunun 23-də Yerevanda baş verən hadisəni ətraflı və qısa müddətə araşdırmağa çağırıb. Ali Komissarlıq hesab edir ki, nümayiş zamanı hakimiyyət beynəlxalq hüquq normaları və insan haqları standartlarına uyğun olaraq asayişi təmin etməlidir.

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etirazını bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Aksiya davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi