Batumidəki təbii fəlakət nəticəsində azərbaycanlılara ziyan dəyməyib

Batumidəki təbii fəlakət nəticəsində azərbaycanlılara ziyan dəyməyib "Batumi Şəhər Meriyası və digər aidiyyəti qurumlarla mütəmadi olaraq əlaqə saxlayır, vəziyyəti öyrənirik"
Region
19 Aprel , 2017 14:51
Batumidəki təbii fəlakət nəticəsində azərbaycanlılara ziyan dəyməyib

Tbilisi. 19 aprel. REPORT.AZ/ Ötən gün gecə saatlarında Batumidə baş vermiş güclü külək və qasırğa nəticəsində azərbaycanlılara ziyan dəyməsi barədə Baş Konsulluğa heç bir məlumat daxil olmayıb.

Bu barədə “Report”un Gürcüstan bürosuna Azərbaycanın Batumidəki Baş Konsulluğundan bildirilib.

Məlumata görə, Baş Konsulluq Batumi Şəhər Meriyası və digər aidiyyəti qurumlarla mütəmadi olaraq əlaqə saxlayır, vəziyyəti öyrənir: "Bölgədə yaşayan azərbaycanlılarla əlaqədar hər hansı bir xəbər olarsa, məsələyə dərhal reaksiya veriləcək".

Qeyd edək ki, aprelin 18-də günün ikinci yarısından başlayaraq Gürcüstan ərazisində güclü külək əsib, bəzi yerlərdə şiddətli yağış yağıb. Nəticədə Gürcüstanın qərb bölgəsinə ciddi ziyan dəyib. Ən çox ziyan Acarıstan Muxtar Respublikasına, xüsusilə də Qara dənizin sahilində yerləşən Batumiyə dəyib.

Ötən gün gecə saatlarında güclənən külək nəticəsində Batumidəki Fridon Xalvaşi küçəsində bəzi evlərin dam örtüyü uçub, ağaclar kökündən qırılıb, minik avtomobillərinə, infrastruktura ciddi ziyan dəyib. Bəzi ərazilərdə ağacların aşması nəticəsində qaz boruları sıradan çıxıb.

Qara dənizdə baş verən qasırğa nəticəsində Rusiyadan Türkiyəyə taxıl aparan "Qeroi Arsenala” yük gəmisi batıb. Gəmidə olan 12 nəfərdən 7-si itkin düşüb. 

Son xəbərlər

Orphus sistemi