Baş nazir: "Türkiyə sərhədlərini pozanlara qarşı lazımi tədbirlər görüləcək"

Baş nazir: "Türkiyə sərhədlərini pozanlara qarşı lazımi tədbirlər görüləcək" Əhməd Davudoğlu: "Rusiya tərəfi izahatında bunun səhvən baş verdiyini, Türkiyə sərhədlərinə hörmət etdiyini bildirib"
Region
5 Oktyabr , 2015 17:02
Baş nazir: Türkiyə sərhədlərini pozanlara qarşı lazımi tədbirlər görüləcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Rusiya bizim qonşumuz və dostumuzdur. Bu baxımdan iki ölkə arasında bir gərginlik yaşanmayıb. Suriya məsələsi türk-rus böhranı deyil".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Rusiya qırıcılarının Türkiyənin hava sərhədini pozmasına münasbibət bildirərkən deyib.

Baş nazir qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarla görüşüb, məsələni müzakirə edib: "Xarici işlər nazirimizə lazım olan təlimatları verdim. Diplomatik təmas başlanılıb. Mövqeyimiz çox aydındır. Sərhədimizi, hava məkanımızı kim pozarsa, ona dostca xəbərdarlıq edərik. Uçan quş belə olsa, Türkiyə sərhədlərini pozanlara qarşı lazımi tədbirlər görüləcək. Rusiya isə bizim dostumuz və qonşumuzdur. Bu baxımdan iki ölkə arasında bir gərginlik yaşanmayıb. Suriya məsələsi türk-rus böhranı deyil".

Ə.Davudoğlu hadisəyə dair Türkiyə ilə Rusiya Xarici İşlər nazirlikləri arasındakı diplomatik danışıqların aparıldığını söyləyib. Onun sözlərinə görə, tərəflər sərhədin bir daha bu cür pozulmamasının vacibliyini vurğulayıblar: "Rusiya tərəfi izahatında bunun səhvən baş verdiyini, Türkiyə sərhədlərinə hörmət etdiyini bildirib". 

ABŞ Müdafiə Nazirliyi də hadisəyə münasibət bildirib: "Rusiyanın Türkiyənin hava məkanını pozması məsələsini Ankara ilə məsləhətləşirik".

Xatırladaq ki, oktyabrın 3-də Rusiyanın hərbi təyyarəsi Türkiyənin Hatay əyalətinin Yayladağı bölgəsinin cənubunda hava sərhədini pozub. Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu nazirliyə çağıraraq hadisə ilə bağlı ona etiraz notası təqdim edib.

Nazirlikdən bildirilmişdi ki, Rusiyanın səfiri Türkiyə XİN-ə çağırılaraq, bu sayaq əməllərin bir daha təkrarlanmaması üçün tədbirlərin görülməsi tələb edilib: "Əks halda baş verə biləcək arzu edilməyən bütün hadisələrin məsuliyyətini Rusiya daşıyacaq".

Son xəbərlər

Orphus sistemi