Azərbaycanlı tələbələr 1989-cu ildə Gürcüstanda baş vermiş qırğınlarla bağlı anım tədbiri keçiriblər

Azərbaycanlı tələbələr 1989-cu ildə Gürcüstanda baş vermiş qırğınlarla bağlı anım tədbiri keçiriblər Tədbirdə rəsmi şəxslər də iştirak edib
Region
9 Aprel , 2017 17:01
Azərbaycanlı tələbələr 1989-cu ildə Gürcüstanda baş vermiş qırğınlarla bağlı anım tədbiri keçiriblər

Tbilisi. 9 aprel. REPORT.AZ/ Gürcüstanda təhsil alan azərbaycanlı tələbə gənclər 1989-cu il aprelin 9-da bu ölkədə baş vermiş qırğınlarla bağlı anım tədbiri keçiriblər.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Dostları Klubunun təşəbbüsü ilə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı və gürcü tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açdıqdan sonra Azərbaycanın və Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov çıxış edərək Azərbaycan və Gürcüstan arasındakı dostluq əlaqələrindən danışıb. Bildirib ki, 1989-cu ilin aprelində Gürcüstanda, 1990-cı ilin yanvarında Azərbaycanda keçmiş sovet ordusunun törətdiyi qırğınlar xalqlarımızın mübarizə əzmini qıra bilməmiş, əksinə daha da möhkəmləndirmişdir. Məhz bu mübarizə nəticəsində müstəqilliyimizi bərpa etmiş və möhkəmləndirmişik.

Sonra “Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov, Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanın dostları klubunun koordinatoru Leyla Əmrahova və başqaları çıxış edərək 20 Yanvar və 9 Aprel hadisələri arasında paralellər aparıb, tələbə gənclərin tariximizi daha dərindən öyrənmələrinin vacibliyini vurğulayıblar.

Bildirilib ki, bu cür tədbirlər dostluğumuzun bariz nümunəsidir. Hər iki ölkənin gənclərinin birliyi xalqlarımızın parlaq gələcəyinin əsasıdır.

Son xəbərlər

Orphus sistemi