Azərbaycan və Gürcüstanın mədəniyyət sahəsində əməkdaşlığı üçün yaradılan işçi qrupun iclası keçirilib

Azərbaycan və Gürcüstanın mədəniyyət sahəsində əməkdaşlığı üçün yaradılan işçi qrupun iclası keçirilib Gürcüstan tərəfi Azərbaycanın mədəniyyət sahəsindəki təcrübəsinin öyrənilməsində maraqlıdır
Region
31 Yanvar , 2017 16:42
Azərbaycan və Gürcüstanın mədəniyyət sahəsində əməkdaşlığı üçün yaradılan işçi qrupun iclası keçirilib

Tbilisi. 31 yanvar. REPORT.AZ/ Tbilisidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında yaradılan işçi qrupun ikinci iclası keçirilib. 

“Report”un Gürcüstan bürosu xəbər verir ki, iclasda Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirak edib.

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvili çıxış edərək iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyətindən danışıb, Gürcüstanın münasibətlərin genişlənməsindən razılığını ifadə edib.

Sevda Məmmədəliyeva Gürcüstan ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın bir çox sahələrdə olduğu kimi iki xalqın tarixi dostluq münasibətlərinə əsaslandığını vurğulayıb, əlaqələrin daha da genişləndirilməsi üçün potensialın olduğunu vurğulayıb.

Nazir müavini Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən islahatlar, yeni layihə və tədbirlər barədə iclas iştirakçılarına məlumat verib. Qarşılıqlı məlumat mübadiləsinin, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Gürcüstan tərəfi Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib.

İclasdan sonra S.Məmmədəliyeva Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze ilə görüşüb.

Nazir Azərbaycan ilə Gürcüstan arasında digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində əməkdaşlığın bir çox ölkələrə nümunə olduğunu qeyd edib, beynəlxalq təşkilatlar, xüsusilə YUNESKO çərçivəsində Gürcüstana göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

S.Məmmədəliyeva Azərbaycanın mədəniyyət sahəsi üzrə beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO-nun Ümumdünya İrs Komitəsi çərçivəsində daim Gürcüstanın yanında olduğunu bildirib.

Görüşdə Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin beynəlxalq səviyyədə birgə qeyd olunması imkanları nəzərdən keçirilib.

Nazir müavini cari ilin mayın 5-6-da Azərbaycanda dördüncü dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadzenin rəhbərliyi ilə nümayəndə heyətinin tədbirdə iştirakına dair nazir Əbülfəs Qarayevin dəvətini diqqətə çatdırıb.

Səfər çərçivəsində S.Məmmədəliyeva rəsmi açılışının cari ilin mart ayında baş tutacağı N.Nərimanovun Tbilisi şəhərindəki Ev-Muzeyində olub. Burada görülən işlər barədə nazir müavininə məlumat verilib.

Daha sonra o, Gürcüstanın məşhur rəssamı Yelena Axvledianinin Ev-Muzeyi, David Lordkipanidzenin rəhbərlik etdiyi müəssisənin fəaliyyəti ilə tanış oldu. 

Son xəbərlər

Orphus sistemi