​Avropa Komissiyasının sözçüsü: "Türkiyənin terrora qarşı mübarizə qanununu nəzərdən keçirməməsi anlaşmanı ləğv edə bilməz"

​Avropa Komissiyasının sözçüsü: "Türkiyənin terrora qarşı mübarizə qanununu nəzərdən keçirməməsi anlaşmanı ləğv edə bilməz" Rəcəb Tayyib Ərdoğan: "Aİ Türkiyənin yerinə terror təşkilatı ilə həmsöhbət olacaq qədər kiçilməyə razıdırsa, o zaman biz buna etiraz etmirik"
Region
12 May , 2016 14:39
​Avropa Komissiyasının sözçüsü: Türkiyənin terrora qarşı mübarizə qanununu nəzərdən keçirməməsi anlaşmanı ləğv edə bilməz

Bakı. 12 may. REPORT.AZ/ "Ankaranın terrora qarşı mübarizə qanununu nəzərdən keçirməməsi anlaşmanı ləğv edə bilməz".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Brüsseldə keçirdiyi brifinqdə Avropa Komissiyasının sözçüsü Marqaritis Şinas deyib. 

Türkiyənin Avropa məsələləri üzrə naziri Volkan Bozkır isə məsələnin hələ də həll olunmadığını bildirib. O, BBC-yə açıqlamasında deyib: "Türkiyə vətəndaşlarına Avropa İttifaqına üzv ölkələrə vizasız səyahət etməklə bağlı məsələnin həllindən ümidimizi üzməyə başlamışıq".

O, müsahibəsində terrora qarşı mübarizə qanununda dəyişiklik edilməsinin mümkünsüz olduğunu bir daha vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqı Türkiyə vətəndaşlarına tətbiq edilən viza rejiminin ləğv edilməsi ilə bağlı 72 maddəlik şərt irəli sürüb. Onlardan 5-i əsas sayılır.

Həmin 5 şərt bunlardır: Korrupsiyaya qarşı mübarizə, məlumatların qorunması, Avropa İttifaqına üzv dövlətlərlə ədliyyə sahəsində əməkdaşlıq, Avropa İttifaqının "Europol" polis təşkilatı ilə əməkdaşlıq, terrora qarşı mübarizə qanununun nəzərdən keçirilməsi.

"Türkiyə ondan gözlənilənlərin yerinə yetirilməsi üçün əlindən gələni elədi. Bu, riyaziyyat məsələsi deyil, bu, siyasət problemidir", - deyə Volkan Bozkır söyləyib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 12-də "Siyasətdə yerli və milli iradə" mövzusunda keçirilən konfransda Avropa İttifaqının "terrora qarşı mübarizə qanununu nəzərdən keçirin" şərtinə münasibət bildirərkən deyib: "Aİ-nin davranışını görürsünüz. Terrora qarşı mübarizə tərzimizi yumşaltmalıymışıq. Siz nə zamandan Türkiyəni idarə edirsiniz? Bu səlahiyyəti sizə kim verib? Əgər Aİ Türkiyənin yerinə terror təşkilatı ilə həmsöhbət olacaq qədər kiçilməyə razıdırsa, o zaman biz buna etiraz etmirik ".

Son xəbərlər

Orphus sistemi